Asiya İnkişaf Bankı Azərbaycanda enerji layihələrinin hazırlanmasını maliyyələşdirməyi nəzərdən keçirir

Baş səhifə

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dayanıqlı enerji
infrastrukturu layihələrinin hazırlanmasının maliyyələşdirilməsi
imkanını nəzərdən keçirir.

Trend AİB-in
sənədinə istinadən xəbər verir ki, layihənin hazırlanması üçün
texniki yardımın göstərilməsinə Xüsusi Texniki Yardım Fondu
vasitəsilə qrant əsasında 500 min dolların ayrılması təklif
olunur.

“Sözügedən texniki yardımın Fondun vəsaitləri hesabına qrant
əsasında göstərilməsi təklif edilir, belə ki, bu yardım AİB-in
2026-cı il üzrə indikativ ölkə planına və monitorinq hesabatına
daxil edilmiş Azərbaycanın elektrikpaylayıcı şəbəkələrinin
modernləşdirilməsi üzrə təklif olunan layihənin birinci
mərhələsinin hazırlanmasını dəstəkləyəcək”, — sənəddə deyilir.

Vəsaitlər həmçinin sektorda prioritet məsələlərin həlli,
layihənin hazırlıq səviyyəsinin artırılması və AİB-in Azərbaycanda
gələcək əməliyyatlarının dəstəklənməsi məqsədilə ayrı-ayrı sahəvi
tədqiqatların aparılmasına, potensialın gücləndirilməsinə və gender
məsələləri üzrə tədbirlərə yönəldiləcək.

Layihənin həyata keçirilməsinin elektrikpaylayıcı şəbəkədə
elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına töhfə verəcəyi
gözlənilir.




Layihənin məqsədi elektrikpaylayıcı şəbəkələrin
rəqəmsallaşdırılmasına və bərpa olunan enerji mənbələrinin
inteqrasiyasına investisiyalar üçün hazırlıq səviyyəsinin
yüksəldilməsidir.

Son məlumatlara görə, elektrik enerjisinin paylanması sisteminin
modernləşdirilməsi və rəqəmsallaşdırılması layihəsinin
texniki-iqtisadi əsaslandırılması, o cümlədən rəqəmsal
yarımstansiyaların tətbiqinin məqsədəuyğunluğunun
qiymətləndirilməsi tamamlanıb. AİB layihələrinin hazırlanması və
gender aspektlərinin nəzərə alınması sahəsində “Azərişıq” ASC-nin
institusional potensialı gücləndirilib.

AİB-in 2015-2024-cü illər üzrə məlumatına əsasən, Azərbaycan 10
layihə üzrə 2,53 milyard dollar məbləğində suveren maliyyələşdirmə
əldə edib. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya
layihələrinə yönəldilib ki, bu da müvafiq qrup ölkələri arasında ən
yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun
inkişafına, 18 faiz iqlim maliyyələşdirilməsinə, 10 faiz isə
rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.

2015-2024-cü illərdə bank ümumi məbləği 963,9 milyon dollar olan
doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşdirmənin 100
faizi özəl sektorun inkişafına yönəldilib. Qeyd edək ki,
öhdəliklərin ümumi həcminin 78 faizi regional əməkdaşlıq və
inteqrasiya ilə bağlı olub. Bu, AİB tərəfindən nəzərdən keçirilən
yuxarı-orta gəlir səviyyəsinə malik müqayisə olunan ölkələr
arasında ən yüksək göstəricidir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci
rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının
həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin
müvafiq dövrünün səviyyəsini 455 min ABŞ dolları və ya 28,1 faiz
üstələyir.