“Şəki Şərab” zavodu hərraca çıxarılır - FOTO

17:10 25-11-2021 13

“Şəki Şərab” MMC-dəki dövlətə məxsus payın satışı üzrə investisiya müsabiqəsi elan edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən milletinsesi.info-a verilən məlumata əsasən, dövlətə məxsus 3 898 812 manat dəyərində olan pay və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilir.

Müəssisənin nizamnamə kapitalı 4 500 000 manat, öhdəlikləri 535 744 manat, debitor borcları 233 245 manat təşkil edir.

Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4 200 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

İddiaçılar “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlətə məxsus payın alınmasına görə dövlət büdcəsinə 1 600 000 manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir. İddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 1 000 000 manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb edilir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində cəmiyyətin dövlətə məxsus payı üzrə alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə link vasitəsilə tanış olmaq olar.