ACCA DipIFR sertifikatını kimlər və nə üçün almalıdır? Maliyyə üzrə mütəxəssis Orxan Talıbzadə ilə MÜSAHİBƏ

18:25 20-10-2021 18

Son zamanlar Azərbaycanda mühasiblərin və maliyyə ekspertlərinin Beynəlxalq Maliyyə Hesabatları Standartlarını (BMHS - IFRS) bilmələrinə tələbat artır. Beləliklə, maliyyə sahəsinə aid vəzifələrə müraciət edən namizədlərdən bir neçə ACCA və digər beynəlxalq sertifikatlar tələb olunur.

IFRS biliklərini təsdiqləyən bir çox yerli və xarici sertifikatların arasında öz nüfuzu ilə seçilən və əldə olunması olduqca vacib dərəcələrdən sayılan DipIFR diplomudur. Bu diplomun nə əhəmiyyət kəsb etdiyini, ölkəmizdə nə üçün bu qədər tələb olunmasını və onu əldə etməyin yollarını maliyyə mütəxəssisi və Azərbaycanın məşhur ACCA təlimçilərindən biri - Talıbzadə Orxan ilə müzakirə edəcəyik.
 
- Orxan, bir ekspert kimi maliyyə sahəsində və xüsusi ilə ACCA sertifikatı əldə etməyə hazırlaşan şəxslər arasında kifayət qədər tanınırsınız və yüksək ehtimal təqdimata ehtiyacınız yoxdur. Lakin oxuyucularımızın maraq dairəsi çox genişdir və bura başqa fəaliyyət sahələrində çalışan şəxslər də daxildir. Bu səbəbdən sizdən xahiş edirik ki, oxuyucularımıza özünüz barədə qısa məlumat verəsiniz.
 
- İlk öncə maliyyə sahəsi ilə bağlı məlumatları xalqımıza çatdırdığınız üçün və məni bu sahə üzrə ekspert kimi müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, söhbətimiz həm maliyyə sahəsində, həm də digər sahələrdə çalışan oxuyucularınıza həm maraqlı, həm də faydalı olacaq.

Özüm haqqında onu deyə bilərəm ki, uzun müddətdir maliyyə məsləhətçisi vəzifəsində çalışıram və bu sahədə kifayət qədər təcrübəm var. Bir vaxtlar kiçik maliyyə məsləhətçisi olaraq çalışmağa başladığım şirkətdə artıq baş mütəxəsis vəzifəsinə yükəlmişəm.

Gördüyüm işlər əsasən yerli və xarici şirkətlər üçün xarici auditlərin aparılması, şirkətlərə IFRS-in tətbiqində məsləhət xidmətlərinin göstərilməsi, maliyyə proqnozlarının və modellərinin tərtib edilməsi, bizneslərin və xalis aktivlərin IVS-ə (Beynəlxalq Qiymətləndirmə Standartlarına) uyğun qiymətləndirilməsi, fəaliyyətə yeni başlayan və ya yeni sərmayə cəlb etmək istəyən mövcud müəssisələr üçün biznes planların hazırlanması və yazılması, investorlar üçün biznesin maliyyə-iqtisadi təhlilinin keçirilməsi və digər işlərdir.

Bundan əlavə, hazırda ölkənin müxtəlif aparıcı kurslarında təlim keçirəm. Hazırda tədris təcrübəmi “Bridge Academy”də davam etdirirəm, lakin onu da qeyd edim ki, “STIMUL Education & Consulting”, “Barattson”un “TapÖyrən” platforması və digər kurslarla da əməkdaşlıq etmişəm və etməyə davam edirəm.

- Orxan, tələbələrinizə tədris etdiyiniz maliyyə dərsləri barədə məlumat verə bilərsiniz?

- Əlbəttə, əsasən ACCA və IFRS üzrə ixtisaslaşmışam. Hazırda maliyyə uçotu (FA -F3), maliyyə hesabatlığı (FR - F7), DipIFR, idarəetmə uçotu (MA - F2), performans idarəçiliyi (PM - F5) və digər ACCA fənlərinin tədrisi ilə məşğulam.

- Orxan, son olaraq özünüz barədə deyə bilərsiniz ki, bu sahədə inkişaf etməyinizdə kimlərin rolu olub?

- Düşünürəm ki, mənim bugünkü nəticələrimi əldə etməkdə ətrafımda olan bir çox insanın köməyi olub və onların hər birinə təşəkkür edirəm. İlk növbədə məni bu sahəyə yönləndirdikləri üçün valideynlərimə, daha sonra ölkənin tanınmış maliyyə mütəxəssislərindən biri olan Davud Məmmədova, eləcə də, keçmiş həmkarım və dostum Simnar Paşazadəyə dərin minnətdarlığımı bildirirəm.

- Özünüz haqqında belə ətraflı məlumat verdiyiniz üçün təşəkkürlər, Orxan. Ölkəmizdə sizin kimi, Davud və Simnar müəllim kimi mütəxəssislərin olması sevindirici haldır. Gəlin artıq müsahibəmizin mahiyyətinə keçək. Yəqin özünüz də müşahidə etmisiniz ki, son bir neçə il ərzində Azərbaycanda DipIFR imtahanlarına tələbat kəskin şəkildə artıb. Sizcə bunun səbəbi nədir?

- Fikrimcə bunun bir neçə səbəbi var. Ən əsas səbəbi odur ki, 2019-cu ildə Azərbaycan Rusiyanın standartlarına əsasən hazırlanmış yerli mühasibat uçotu standartlarını (Vergi qanunvericiliyi ilə səf salmayaq ) ləğv edərək, onların əvəzinə Beynəlxalq Maliyyə Hesabatları Standartlarının bütün ölkə üzrə tətbiqinə başladı. Bu səbəbdən 2019-cu ildən etibarən IFRS-i bilən mütəxəssislərə ehtiyac kəskin şəkildə artıb. Bu bilikləri yüksək səviyyədə yoxlayan imtahanlardan biri DipIFR imtahanı olduğundan bu imtahana maraq olduqca yüksəkdir.

Digər səbəb - ölkədə beynəlxalq sertifikatlara və akkreditasiyaya tələbatın kifayət qədər yüksək olmasıdır. Nə Rusiyada, nə də digər MDB ölkələrində belə bir tendensiya yoxdur. Belə tendensiya qismən olkədə vətəndaşların özlərini inkişaf etdirməsi və böyük uğurlar əldə etmək üçün çalışmalarından irəli gəlir, qismən isə məşğulluq uğrunda yüksək rəqabətdən qaynaqlanır. Rəqabət yüksək olduğundan, şirkətlər özlərinə namizədlər arasından ən yaxşı və savadlı işçini seçməyə çalışır, işçilər isə tələblərə uyğun gəlmək üçün özlərini inkişaf etdirməli olurlar. Bu da beynəlxalq sertifikatlara olan tələbi artırır.

Bundan əlavə, ACCA imtahanları verməyə başlayan şəxslərin əksəriyyəti işlədikləri müəssisələrdən tələb olunan imtahanları verməklə kifayətlənir və ACCA üzvü olmaq üçün tələb olunan bütün imtahanları vermirlər. Yolu yarıda saxlamamaq üçün bu insanlar əksər hallarda DipIFR imtahanı verib diplom əldə etdikdən sonra dayanmağa qərar verirlər.

Düşünürəm ki, dediyim bu üç hal DipIFR imtahanının belə populyar olmasının əsas səbəblərindəndir.

- Orxan dediyinizə görə ACCA imtahanlarının ölkədə populyarlaşmasına təkan verən əsas səbəblərdən biri də 2019-cu ildə Azərbaycanın IFRS-i qəbul etməsi oldu. Bəs Azərbaycan tərəfindən bu addımın atılmasının əsas səbəbi nədir?

- IFRS-in bir çox üstünlükləri var. İlk növbədə bunun əsas səbəbi IFRS-ə keçməyin milli standartları hazırlayıb saxlamaqdan daha az xərc tələb etməsidir ki, bu da Azərbaycan büdcəsinə düşən yükü bir qədər azaltmış olur.

Digər səbəb IFRS-in bütün dünya tərəfindən qəbul edilməsi və bu standartlara uyğun hazırlanan maliyyə hesabatlarının dünyanın hər tərəfində oxunub anlaşılmasına və digər şirkətlərlə müqayisə olunmasına kömək edir. Qısaca, Azərbaycan şirkətlərinin maliyyə hesabatlarının dünyada şəffaflığını artırır, bu da ölkəyə daha çox xarici investisiya cəlb etməyə kömək edir. Ümumiyyətlə xarici investorlar IFRS əsasında hazırlanmış hesabatlara daha çox üstünlük verirlər, nəinki ölkənin yerli standartlarına uyğun hazırlanan sənədlərə.

Son olaraq vurğulamaq istərdim ki, yerli standartlara nisbətən beynəlxalq standartlar daha yüksək səviyyədə hazırlanır, daha keyfiyyətli və dəqiq maliyyə hesabatlarının yaradılmasına kömək olur. Fikrimcə bütün bu sadaladığım səbəblər ölkəmizin beynəlxalq standartlardan istifadəyə keçməsinə səbəb olub. Bu keçid ölkəmizin dayanmadan inkişaf etdiyinin göstəricisidir.

- Orxan, mümkündürsə bizə DipIFR haqqında daha ətraflı məlumat verərdin.

- DipIFR, Diploma in IFRS, yəni BMHS-də diplom sözlərindən yaranmışdır. Bu diplom sizə IFRS üzrə biliklərinizi və bacarıqlarınızı yoxlayan imtahanı keçdikdən sonra verilir. Bu imtahan sizin nəinki nəzəri, həmçinin praktiki biliklərinizi də yoxlayır.

- Sizin dediklərinizdən aydın olur ki, bu imtahan sırf IFRS ilə bağlıdır. Həmin imtahanı vermək kimin üçün faydalı sayılar? Bütün maliyyəçilər bu imtahanı verməlidirmi?

- Qısa desək, bu imtahanı məhz IFRS üzrə mütəxəssis olduğunu göstərmək istəyən şəxslər verə bilər. Bu şəxslərə əsasən mühasiblər və auditorlar aiddir. Lakin bu o demək deyil ki, digərləri üçün bu imtahan faydasızdır. Maliyyə sahəsində çalışan, beynəlxalq standartlardan istifadə edən və bu standartlar üzrə biliklərini artırmaq istəyən hər bir şəxs bu imtahanı verə bilər. IFRS əsaslanan DipIFR kimi yüksək keyfiyyətli imtahan demək olar ki, yoxdur. Misal üçün SBR imtahanının adını çəkmək olar, lakin bu imtahanı vermək üçün ACCA Fundamental dərəcəli doqquz imtahandan keçmək lazımdır. Doqquz imtahan vermək istəməyən hər bir kəs isə məhz DipIFR imtahanına girə bilər. Ona görə demək olar ki, bizim ölkədə bu imtahan kimi IFRS biliklərini yoxlayan başqa imtahan yoxdur.

- Orxan, sizin dediklərinizdən belə nəticəyə gəlirik ki, SBR imtahanından fərqli olaraq DipIFR imtahanına girmək üçün heç bir tələb yoxdur və istənilən şəxs bu imtahanda qeydiyyatdan keçə bilər. Bu həqiqətən də belədir, yoxsa bunun üçün müəyyən şərtlər var?

- Əslində bəli, imtahana yazılmaq üçün bəzi minimal tələblər var. Lakin fikrimcə maliyyə sahəsində kifayət qədər təcrübəsi olan şəxslərin əksəriyyəti bu şərtlərdən ən az birini ödəyəcək və imtahana yazıla biləcək.

Siz soruşa bilərsiniz ki, bəs bu hansı şərtlərdir? Ona görə gəlin hər bir şərtə detallı baxaq. Beləliklə, DipIFR imtahanında iştirak etmək üçün namizədlər aşağıda sadalanan dörd şərtdən ən az birini yerinə yetirməlidir:

Birinci şərt: ACCA-yin “Aplied skills” səviyyəli imtahanlardan, yəni, F1-BT (Business and Technology), F2-MA (Managerial Accounting), F3-FA (Financial Accounting) və həmçinin F4-LW (Corporate and Business Law) imtahanlarından keçməlisiniz. Və ya bu imtahanlardan azad olma hüququnuz olmalıdır. Bu hüquq sizə adıçəkilən bu fənlərdən təhsil aldığınız universitetdə imtahan vermisinizsə şamil olunur. Adətən mühasibatlıq və audit sahəsində oxuyan tələbələr F1-F4 imtahanlarından azad olma hüququ qazanırlar. Digər maliyyə yönümlü sahələr isə F1-F3 imtahanlarından uğurla keçdikdən sonra bu hüququ əldə edə bilərlər. Onu da bildirim ki, bu imtahanlar Ondemand CBE (Computer Based Exam) sayılır. Bu o deməkdir ki, onlar komputer üzərindən keçirilir və onları istənilən zaman vermək olar. Məsələn, Azərbaycanda DİM bu imtahanları keçirir.

Birinci şərtin digər tələbi də odur ki, yuxarıda sözügedən imtahanları keçməkdən əlavə namizədlər müvafiq sahədə ən az iki il iş təcrübəsinə sahib olmalıdırlar. Müvafiq sahə dedikdə əsasən mühasibatlıq və ya audit sahəsi nəzərdə tutulur, lakin digər maliyyə sahələrində iş təcrübəsinin olması da əsas sayıla bilər. DipIFR imtahanı vermək istəyənlərin əksəriyyəti bu tələbi asanlıqla keçəcəklər.

İkinci şərt: ACCA CertIFR imtahanını keçmək və bu imtahan üzrə sertifikata sahib olmaqdır. CertIFR - Certificate of IFRS sözlərindən əmələ gəlmişdir. DipIFR-ın daha sadə formasıdır. Bu imtahanda siz ümumilikdə beynəlxalq standartlarla tanış olursunuz. İmtahanı ACCA saytından qeydiyyatdan keçməklə “online” şəkildə vermək olar. Bütün hazırlıq materialları ACCA saytında imtahana yazıldıqdan sonra sizin üçün aktiv olacaq. İmtahan bir saat müddətində davam edir və ancaq test suallarından ibarət olur. Mənə elə gəlir ki, bu imtahanı vermək birinci şərtdə qeyd etdiyimiz iki saat davam edən və daha qəliz olan F1-F4 imtahanlarını verməkdən daha asandır. CertIFR imtahanını verməkdən əlavə, namizəd 1-ci şərtdə olduğu kimi müvafiq sahədə iki il iş təcrübəsinə sahib olmalıdır.

Üçüncü şərt ilk iki şərt kimi namizəddən heç bir əlavə imtahan verməyi tələb etmir, lakin artıq müvafiq sahədə ən az üç il iş təcrübəsinə sahib olmaq lazım gəlir.

4-cü şərt isə sizdən iş təcrübəsi tələb etmir, lakin buna baxmayaraq, mən deyərdim ki, bu ən qəliz şərtlərdən biridir. Sizdən iş təcrübəsi tələb olunmasa da, “ACCA affiliate” olmaq tələb olunur, bu isə “ACCA member” yolunda olan 13 imtahanın hamısını uğurla keçməyi tələb edir. Adətən 13 imtahanın hamısını bitirmiş şəxs artıq DipIFR imtahanına yox, etika imtahanına girib PER şərtlərini yerinə yetirib “ACCA member” olmağı düşünür. Buna görə də əksər hallarda bu bəndə uyğun gələn şəxslər DipIFR imtahanına girmirlər.

Bir daha vurğulayım ki, DipIFR imtahanına yazılmaq üçün yuxarıdakı şərtlərdən ən az 1-nə uyğun olmaq lazımdır.

- DipIFR imtahanını verməyin belə asan olmadığını görürük. Bizə deyə bilərsiniz ki, dimplomdan başqa bu imtahana müraciət edənlər daha nə əldə edəcəklər? Bu qədər əziyyət çəkmək təkcə diploma görədir?

- Bu imtahanın əsas nəticəsi diplomdur və eyni zamanda siz IFRS üzrə mütəxəssis olmanızı dünya səviyyəsində təsdiqləmiş olacaqsız. Lakin onu vurğulayım ki, bu imtahana hazırlıq zamanı namizədlər IFRS standartlarının quruluşunu və onların tətbiqini daha dərindən öyrənmiş olacaqlar. Gəlin namizədlərin nə öyrənəcəyinə dair bir neçə nümunəyə nəzər salaq:

Namizədlər IFRS-in əsaslandığı prinsipləri, bu prinsiplərin nə üçün lazım olmasını və beynəlxalq standartların hər bir bəndinin hansı prinsiplərə əsaslanmasını daha yaxşı başa düşəcəklər. Dünyada standartların yaradılmasının əsas 2 növü var, prinsiplərə əsaslanaraq və ya qayda formasında. IFRS bildiyiniz kimi prinsiplərə əsaslanaraq yaradılır və DipIFR imtahanında siz bu prinsipləri daha yaxşı anlamış olacaqsınız və onların qanun formasında hazırlanma üsulundan nə ilə fərqləndiyini başa düşmüş olacaqsınız.

Maliyyə uçotu və ya maliyyə hesabatlarının hazırlanması zamanı hansı standartın, harada və necə tətbiq edilməsini daha yaxşı başa düşəcəklər.

İstifadə olunmuş standartlar ilə bağlı əlavə qeydlərin necə hazırlanması qaydasını öyrənəcəklər.

Konsolidə olunmuş maliyyə hesabatlarını necə hazırlamaq lazım gəldiyini və digər bu tip məqamları öyrənmiş olacaqlar.

- Orxan, gəlin bir az imtahanın özündən, strukturundan danışaq. İmtahana qatılan namizədləri imtahanda nə gözləyir?

Gəlin imtahanın müddətindən başlayaq. İmtahan 3 saat 15 dəqiqə davam edir. Sözügedən 15 dəqiqədə məsləhət görürəm ki, iştirakçılar sualların üzərindən keçib nə etməli olduqları barədə ilkin təsəvvür formalaşdırsınlar. Bunun üstünlüyü ondadır ki, iştirakçı cavablarını bildiyi və ona asan olan sualları müəyyən edib ilk növbədə cavablandıra, zəif bildiyi sualları isə ən sona saxlaya bilər.

Yerdə qalan 3 saat ərzində iştirakçı gərək 4 sualı cavablasın. Bu 4 sual öz növbəsində 2 qrupa bölünüb. A seksiyası və B seksiyası. A seksiyası 25 bal verən 1 sualdan ibarətdir. Bu seksiyadakı sual əsasən konsolidasiya mövzusu ilə bağlı olur. İştirakçıdan konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması və ya mövcud konsolidə olunmuş hesabatlardakı səhvlərin düzəldilməsi və ya Qudvilin valyuta kurslarında dəyişiklikləri nəzərə alaraq hesablanıb tapılması tələb oluna bilər. Bu sualda hesablama digər suallar ilə müqayisədə daha çox tələb olunur.

B seksiyası öz növbəsində 3 sualdan ibarətdir. Burada da hər bir sual 25 bal verir. Yəni B seksiyası ümumilikdə iştirakçıya 75 bal verəcək. Bu seksiyada sualların əsasən hansı mövzulardan düşmə ehtimalına gəldikdə isə, Konsolidasiya ilə bağlı standartlardan başqa bütün digər standartlar bu bölmədə ola bilər. Əlbətdəki IFRS 9, IFRS 15, IFRS 16 və digər bu tip əhəmiyyətli standartların düşmə ehtimalı daha çoxdur.

Adətən B seksiyasının birinci sualı bu formada olur: Hər hansı tranzaksiyanın uçotunun necə aparılması barədə şirkətin rəhbərliyi və ya mühasibi öz düşüncəsini bildirir və hansı faktorlara görə uçotun məhz onlar dediyi kimi aparılmalı olduğunu vurğulayır. İştirakçıya isə sual verilir ki, rəhbərliyin dediyi həll yolu düzgündürmü? İştirakçı ya rəhbərliyin dediyi yol ilə razılaşmalı ya da onun səhv olduğunu bildirməlidir və öz fikrini əsaslandırmalıdır ki, nə üçün bu formada düşünür.

Əgər iştirakçı menecerlərin dediyi üsulun yanlış olduğunu vurğulayırsa, o zaman düzgün üsulun necə olduğunu da göstərmək lazımdır. Adətən bu sualda bəzi sadə riyazi hesablamalar olur.

2-ci sual adətən hər hansı standarta əsaslanır və məhz o standartın biliyini detallı yoxlayır. Əksər hallarda  IFRS 9 Financial Instruments, IFRS 16 Lease, IFRS 15 Revenue, IAS 19 Employee benefits kimi qəliz standartlar soruşulur.

3-cü sualda sizə bir neçə fərqli situasiyalar verilir ki, bunların hər biri ayrı-ayrı standartlara aid olur. İştirakçı qərar verməlidir ki, hansı situasiyaya hansı standart aiddir və o standartı bu situasiyada necə tətbiq etmək lazımdır. Bu sualda adətən hesablama olmur. İştirakçı öz fikrini yazılı şəkildə ifadə etməlidir.

Bu baxdığımız 4 sual əslində bir neçə 3-5 subsuallara bölünür və hər bir sual ayrıca qiymətləndirilir. Yəni əgər sual sizə ümumilikdə 25 bal verirsə, bu bal subsualların qəlizliyi nəzərə alınaraq onlar arasında bölüşdürülür. Misal üçün 25 ballı sual 3 subsualdan ibarətdir, 1 subsual 10 bal, 2-ci subsual 8 bal, 3-cü sub sual isə 5 bal verə bilər. Yerdə qalan 2 bal yazının səliqəsinə, fikrin aydın izah edilməsinə əsasən verilir. Onu da vurğulayım ki, bəzi hallarda bu subsuallar bir-birindən asılı ola bilər, yəni bir suala cavab vermək üçün öncə ondan əvvəl gələn suala cavab vermək lazımdır.

Həmçinin, bu 4 sualların subsuallarının biri adətən etika ilə bağlı olur ki, burada rəhbərlik mühasibə maliyyə hesabatlarını onların maraqlarına uyğun formada dəyişdirilməsi üçün təzyiq göstərir, siz mühasib olaraq bu halda nə etməli olduğunuzu qeyd etməlisiniz.

- İmtahan olduqca çətin görünür. Keçmək üçün ümumilikdə neçə bal toplamaq lazımdır?

- İstənilən ACCA imtahanından keçmək üçün ən az 50 bal toplamalısınız.

- Orxan, imtahanda uğurlu nəticə əldə etmək üçün nə etmək lazımdır? Sualları necə cavablandırmaq lazımdır?

İlk növbədə gəlin imtahanda sualları necə cavablandırmalıyıq mövzusundan başlayaq. Əvvəla, cavab yazanda standartlardan mümkün qədər birbaşa sitatlar gətirməyi məsləhət görürəm. Misal üçün: “The cost of an item of property, plant and equipment is recognized as an asset if, and only if: it is probable that future economic benefits associated with the item will flow to the entity; and the cost of the item can be measured reliably”.

Əlbəttə ki, standartda deyiləni öz sözlərinizlə də yaza bilərsiniz, lakin imtahanı yoxlayan şəxslər sizin standartdan lazımi məqamı sitat gətirərək öz fikrinizi sübut etməyi daha üstün tuturlar. Belə etdiyiniz təqdirdə siz cavabınıza görə öz sözləriniz ilə yazdığınızdan bir neçə bal daha çox ala bilərsiniz.

İmtahan nəticəsinə təsir edən digər amil - imtahan zamanı vaxtın düzgün istifadə edilməsidir. İmtahanı uğurla başa vurmaq üçün öncədən hər suala düzgün vaxt ayırmaq və o vaxt bitdikdə digər sualların vaxtına keçməmək lazımdır. Hansı suala nə qədər vaxt ayrılmalı olduğunu müəyyən etmək üçün mən aşağıdakıları məsləhət görürəm:

İmtahanda bizim maksimum 3 saat yəni 180 dəqiqə vaxtımız var. Bu 180 dəqiqə ərzində biz maksimum 100 bal toplaya bilərik. Deməli hər suala nə qədər vaxt sərf etdiyimizi müəyyən etmək üçün biz hər bir sualdan qazanacağımız ballardan istifadə edə bilərik. Bunun üçün birinci gərək 1 bal qazanmaq üçün nə qədər vaxt sərf etməli olduğunuzu müəyyən edək. Hesablamamız çox sadədir, sadəcə 180 dəqiqəni 100 bala bölürük və tapırıq ki 1 bal qazanmağa biz 1 dəqiqə 48 saniyə vaxt sərf etməliyik, yəni maksimum 2 dəqiqə.

Sonra tapdığımız 1 balın qazanılmasına düşən vaxtı hər bir subsualın balına vururuq. Misal üçün əgər subsual bizə 5 bal verirsə o zaman bunu 1.48 saniyəyə vurub tapırıq ki, biz bu 5 ballıq subsuala maksimum 9 dəqiqə vaxt sərf etməliyik. Biz bunu hər bir subsual üçün hesablamalıyıq. Mən məsləhət görürəm imtahanın əvvəlində bunu sizə verilən əlavə 15 dəqiqədən 5 dəqiqə ayırıb, hesablayıb hər bir subsualın yanında qeyd edəsiniz. Beləliklə siz o sualın həllinə gələndə ayıracağınız vaxtı bilmiş olacaqsınız.

Mən məsləhət görərdim ki, imtahanda vaxtı aşağıdakı kimi böləsiniz:

Sizə verilən 195 dəqiqə vaxtdan ilk 5 dəqiqəni yuxarıda dediyim üsulla hər bir suala düşəcək vaxtın hesablanmasına sərf edəsiniz.

Sonra 10 dəqiqə sırf bütün sualların üzərindən keçib yaxşı bildiyiniz sualları tapmağa sərf edəsiniz.

Yerdə qalan 180 dəqiqədən 60 dəqiqəni A seksiyasındakı sualın həllinə istifadə edəsiniz, çünki o qəliz və çox hesablama tələb edən sualdır. Əlbəttə ki, bu 60 dəqiqəni siz gərək imtahanda subsuallar arasında onların verdiyi bala əsasən bölüşdürəsiniz.

Qalan 120 dəqiqəni isə B seksiyasına istifadə edəsiz. Bu halda sizə B seksiyasından hər bir suala 40 dəqiqə vaxt düşmüş olacaq, bu da kifayət etməlidir. Yenə də bu 40 dəqiqələri subsualar arasında bölüşdürməyi unutmuruq. Bu hesablamaları etmək üçün imtahanın əvvəlində buna 5 dəqiqə ayırırıq.

İmtahanda digər fikir veriləcək məqam, vaxtı mənasız yazılara sərf etməməkdir. Əgər sual sizdən misal üçün, satışı tanımağın 5 kriteriyasını soruşursa, siz yalnız 3 kriteriyanı bilirsinizsə, həcm çox görünsün deyə onları bir səhifəyə eyni fikri təkrar-təkrar yazıb doldurmayın. Çünki siz 2 cümlə də yazsanız 10 cümlə də yazsanız 1 fikir ilə bağlı imtahanı yoxlayanlar sizə eyni balı verəcəklər, çünki burada fikir yoxlanılır, yazının həcmi yox. Bir çox iştirakçılar ACCA imtahanlarını universitet imtahanları ilə səhv salıb mənasız yazılar ilə doldurur. Lakin bu yazılar onlar üçün artıq vaxt itkisinə səbəb olur, amma bal artımına təsir etmir. Fikrinizi qısa konkret yazmaqla siz digər suallar üçün vaxt qazanmış olursunuz.

Və sonuncu məsləhətim imtahanda diqqətli olmaqdır. Sualdakı tarixlərə fikir verin, əksər hallarda tələbələr ilin ortasını soruşan sual üçün ilin sonuna olan nəticəni hesablayırlar. Bundan əlavə şirkət adlarına da fikir vermək lazımdır. Bəzən olur ki, bir şirkətə aid olan məlumatları səhvən digər şirkət üçün istifadə edirlər. Sualda nə soruşulduğu da önəmlidir, əksər hallarda iştirakçılar sualda bir məqam soruşulsa da cavabda başqa məqamlar haqqında yazırlar.

- Orxan bəy, imtahanla bağlı belə faydalı məsləhətlər verdiyiniz üçün sizə təşəkkür edirik. Son olaraq sizdən öyrənmək istərdik ki, imtahana necə hazırlaşmaq lazımdır? İnsanlar özləri hazırlaşa bilər yoxsa repetitor yanına getməlidirlər?

- Fikrimcə, hər bir kəs özünü hazırlaya bilər. Bunun üçün internetdə kifayət qədər məlumat var, həmçinin istər BPP istər Kaplan dərslikləri bütün məqamları olduqca aydın izah edir. Lakin əksər insanlar özlərini daimi hazırlığa məcbur edə bilmirlər, bu halda hazırlığa getmək onlara kömək ola bilər. Həmçinin müəllim yanına getmək materialı daha yaxşı başa düşməyə kömək edə bilər, çünki müəllim ümumiyyətlə materialı daha sadə dildə və tələbənin anlayacağı misallar ilə izah edir. Kurslara getməyin digər üstün tərəfi də odur ki, suallarınız yarandıqda onu müəllimdən birbaşa soruşa bilərsiniz, özünüz hazırlaşdıqda belə bir imkanınız olmayacaq.

Necə hazırlaşmaq lazımdır? - sualına gəldikdə isə mən həmişə demişəm ki, çoxlu suallar işləmək lazımdır. Mən aşağıdakı kimi hazırlaşmağı məsləhət görərdim:

İlk növbədə əgər kursa gedirsinizsə müəllimin dediklərindən qeydlər aparın, çünki müəllim adətən vacib olan məqamları yadda qalan formada sizə izah edir.

Sonra evdə keçilən hissəni birdə kitabdan detallı oxumaq və dərsdə götürdüyünüz qeydlərə çatışmayan əlavələri etmək. Yenə də vurğulayım ki, hər bir sözün, cümlənin mənasını detallı analiz edərək diqqətli oxumaq lazımdır. Çünki ikinci dəfə siz artıq o kitabı oxumamalısınız. Əgər siz kitabı 2-ci dəfə oxumağı planlayırsınızsa 1-ci dəfə oxumağınız mənasızdır və artıq vaxt itkisidir. Ona görə kitab yalnız bir dəfə və çox detallı şəkildə oxunmalıdır. Təkrara gəldikdə isə təkrarı məhz apardığınız qeydlərdən etməlisiniz. Çünki orada ən əsas məqamlar vurğulanıb.

Dərsliyi də oxuduqdan sonra “Revision Kit” kitablarından keçdiyiniz dərsin suallarını işləmək lazımdır. Mən məsləhət görürəm ki, mütləq dərsiliyi oxuyandan sonra həmin mövzunun testini işləyəsiniz, sualların işlənməsini başqa vaxta saxlamayın. Bu cür sual işləmək keçdiyiniz materialı daha yaxşı öyrənməkdə sizə kömək edəcək.

Materialın təqribən 40 %-ni mənimsədikdən sonra təkrar olaraq geri dönüb əvvəlki mövzulardakı sualları təkrar işləyin. Yəni ki, hər mövzunu oxuduqdan sonra onun suallarını işləməyə davam edirsiniz, lakin bundan əlavə geri qayıdıb keçmiş mövzuları da işləyirsiniz. Bu sizə keçmiş mövzuları unutmamaqda kömək edəcək və həmçinin sual formalarını və onları necə cavablandırmaq lazım olduğunu artıq daha yaxşı bilmiş olursunuz. İmtahanda qabağınıza oxşar suallar çıxan zaman onları tez bir zamanda cavablandıra bilərsiniz. Əgər 3-cü dəfə də təkrar işləməyə vaxtınız qalsa bunu etməyin, testləri bir dəfə tam təkrar etdikdən sonra digər kitabın testlərinə keçin. Yəni əgər siz BPP kitabı ilə hazırlaşırsınızsa o zaman BPP suallarını 2 dəfə işlədikdən sonra “Kaplan” kitabının suallarını işləməyə keçin.

Təxminən imtahana 3 həftə qalmış keçmiş imtahan suallarını işləməyə başlayın. Buna biz “Past papers” deyirik. Bu sualları və onların cavablarını ACCA saytından tapa bilərsiniz. Adətən sualların bəziləri keçmiş imtahan suallarına bənzər salınır.

Əksər hallarda sualların və cavabların böyük olduğunu nəzərə alsaq, hazırlaşanlar sadəcə olaraq sualları və cavabları oxuyurlar. Belə etmək olmaz, mütləqdir ki, siz sualları özünüz işləməyə çalışasınız.

DipIFR imtahanına özünüz hazırlaşacaqsınızsa bu imtahana minimum 2-3 ay ayırmaq lazımdır. Kurslar adətən bu imtahana 4-6 ay vaxt ayırır.

Orxan, bizə ayırdığınız zamana və suallarımıza ətraflı cavab verdiyinizə görə sizə təşəkkür edirik. DipIFR imtahanı vermək və ya beynəlxalq standartlara uyğun sertifikat almaq istəyən tələbələr və ya maliyyə və mühasibat sahəsində çalışan oxucularımız üçün bu müsahibənin çox faydalı olacağını düşünürük. 

Nərmin Muradova