Ali Məhkəmə sabiq bələdiyyə sədrinin xeyrinə qərar çıxartdı

10:10 20-10-2021 15

Ali Məhkəmədə mənimsəmədə və dələduzluqda təqsirləndirilən Göygöl rayonunun Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Vəliyevin kassasiya şikayəti təmin edilib. Onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 3 aya endirilib.

İttihama görə, D.Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub.

Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib.

Faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində D.Vəliyevin barəsində cinayət işi başlanıb.

İstintaq orqanı tərəfindən D.Vəliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Vəliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayətləri verib.

Gəncə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.

Daha sonra D.Vəliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, qərarın dəyişdirilməsini və barəsində yüngül cəza təyin edilməsini istəyib.