“Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş baş tutub – FOTO

19:00 18-10-2021 14

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 16-da “Tarixi zəfərimİZin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilmişdir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutmuş görüş zamanı tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı ekspert qismində çıxış edərək şanlı #zəfərimİZ-in tarixi aspektlərindən bəhs etmişdir. Beynəlxalq ictimaiyyətə haqq səsimizin çatdırılması üçün tarixi faktların əhəmiyyətindən danışan ekspert, tələbərə bu istiqamətdə ətraflı məlumatlar vermişdir.  

Tələbələr və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində təşkil olunmuş görüşdə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığı böyük qürur hissi ilə qeyd edilib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığı vurğulanıb. Bundan əlavə, tarixçi alim xarici ölkələrin KİV, tədqiqat mərkəzlərində ölkə Prezidentinin komandanlığı ilə Azərbaycan ordusunun apardığı döyüş əməliyyatından, eləcə də, Vətən müharibəsi dövründə Şərq ölkələrində ərəb, fars, rus, ingilis dilərində verdiyi müsahibələr və yazdığı məqalələr barəsində də məlumat verib.
 
Daha sonra ekspertlə tələbələrin sual-cavab sessiyası keçirilmişdir. Tələbələrin suallarını tarixi faktları izah edərək cavablandıran tarixçi alim Sübhan Talıblı zəfərimizin ən başlıca səbəbi olaraq xalqın, xüsusilə də, gənclərin bir dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi olduğunu vurğulamışdır.

Qeyd edək ki, layihə çərçivəsində iqtisadi, siyasi, hüquqi, tarixi, diplomatik aspektlər tələbələrə çatdırılacaq, ekspertlərlə tələbələrin ümumilikdə görüşləri təşkil olunacaq.