Narkotiklərlə mübarizə gücləndirilir: 23 nəfər SAXLANILDI - FOTO/VİDEO

18:30 18-10-2021 21

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində paytaxt sakini Elvin Babaxanlı, əvvəllər məhkum olunmuş şəxslər Anar Cəbiyev və İsa Cavadov saxlanılıblar.

Nazirlikdən verilən məlumata görə, Elvin Babaxanlının üzərində şəxsi axtarış aparılan zaman ondan 6 kiloqram 40 qram heroin aşkar olunub.

Anar Cəbiyevin üzərindən 11 qram, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı evdən əlavə 3 kiloqram, İsa Cavadovun üzərindən isə 20 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Yasamal rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Samir Aslanov və Xəqani Qurbanov tutulub.

Bu şəxslərin üzərindən ümumilikdə 10 qram heroin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Samir Aslanovun idarə etdiyi motosikletin saxlanc yerindən 2 kiloqram, Xəqani Qurbanovun evindən isə 2 kiloqram heroin və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkar edilib.

Baş İdarə əməkdaşlarının Nəsimi və Suraxanı rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 5 nəfər - Qüdrət Mövsümov, tanışı Elvin Namazov, Kənan Abdullayev, eləcə də əvvəllər məhkum olunmuş şəxslər Mehman Mikayılov və Mahir İbrahim saxlanılıblar.

Onların üzərindən və yaşadıqları evlərdən, həmçinin Kənan Abdullayevin idarə etdiyi avtomobildən ümümilikdə 1 kiloqram 400 qrama yaxın heroin, metamfetamin, 6 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar aşkar olunaraq götürülüb.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Elvin Babaxanlı, Anar Cəbiyev, İsa Cavadov, Samir Aslanov, Xəqani Qurbanov, Qüdrət Mövsümov, Elvin Namazov, Kənan Abdullayev, Mehman Mikayılov və Mahir İbrahimin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.

Bu şəxslərin hər biri izlərini itirmək məqsədi ilə əsasən taksi və kuryerlik fəaliyyətləri göstərdiklərinə dair yalnış görüntü yaradaraq paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Onların cinayətləri ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Muradov saxlanılıb. Həmin şəxs ifadəsində narkotik vasitələri əvvəllər cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Arif Muradovdan aldığını bildirib. Əməliyyat zamanı həmin şəxs Salyan rayonu ərazisində saxlanılıb. Arif Muradovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqram 460 qram heroin, 315 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. O, ifadəsində qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilən narkotiklərin satışını təşkil edən şəbəkənin üzvü olduğunu etiraf edib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran, Masallı və Cəlilabad rayonlarında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər - İlkin Nuralıyev, Fuad Mirzəyev, Elnur Məmmədov, Xalid Həsənov, Famil Rzazadə və Mübariz Qasımov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 24 qram heroin və metamfetamin aşkar edilib.

Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin Gəncə, Mingəçevir şəhərləri, eləcə də Bərdə və Ağdaş rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər Seymur Cabbarzadə, Nəriman Nərimanov, Rauf Rüstəmov, İlqar Babayev və Fariz Allahverdiyev saxlanılıblar. Ağdaş sayon sakinləri Seymur Cabbarzadə və Nəriman Nərimanovdan ümumilikdə 16 kiloqram marixuana, adları sadalanan digər şəxslərdən isə 10 qrama yaxın heroin və digər növ narkotik vasitələr aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 34 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.