Xətai rayonunda şəhidlərin adını daşıyan parkın və xatirə lövhəsinin açılışı olub - FOTO

20:25 24-09-2021 20

Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun və Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov, Nadir Mahmudovun adını daşıyan parkın və xatirə lövhəsinin açılış mərasimi keçirilib. 

Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb, onların xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək  bütün şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının ürəyində hər zaman yaşayacağını və onların ömür yolunun bütün gənclərə və gələcək nəsillərə örnək olacağını vurğulayıb.

Parkda görülən işlər çərşivəsində ərazidə ağaclar budanmış,  səki daşları düzülmüş, günlüklər, oturacaqlar, yeniyetmə  və  gənclər üçün idman, azyaşlı uşaqlar üçün müxtəlif əyləncə qurğuları, eləcə də mini stadion, şahmat meydançası və s. quraşdırılmışdır. Böyük ərazidə salınmış yaşıllıq zolaqlarına, ağac və bitkilərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərmək üçün su xətləri çəkilmiş, ərazi müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Yeni ağaclar, dekorativ kollar və güllər əkilmişdir.