“E-təbib” sistemində saxtakarlıq edən iki nəfər barəsində cinayət işi başlanılıb

15:55 10-09-2021 26

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri çərçivəsində növbəti qanun pozuntusu aşkarlanıb.

Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasında (RMX) avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Goranboy RMX PHŞ-də tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın vaksinasiyanın həyata keçirilməsi ilə bağlı onlara həvalə edilən qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.