Azərbaycanda pivənin yararlılıq müddəti artırıldı və satışa çıxarıldı - FOTO

17:20 18-08-2021 17

Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs “EMİL-N” istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) milletinsesi.info-a verilən məlumata əsasən, yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub.

Belə ki, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma rejiminə riayət edilmədiyi, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.