İran səfirinin Kəlbəcərə “baxışı”: İrəvan Tehranın ətəyindən yapışıb dikəlmək istəyir - TƏHLİL

11:50 04-08-2021 13

Azərbaycan torpaqları 30 il işğalda qaldığı müddətdə Tehranın mövqeyini oxumaq nə qədər çətin idisə, postmüharibə dövründəki regional siyasəti də bir o qədər şifrəlidir. Daha doğrusu ikibaşlıdır desək yanılmarıq, siyasi kursu şifrəli edən də elə onun ikili standartının nəticəsidir.

İran işğal periodunda diplomatik bəyanatlarla sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu bildirirdisə, digər tərəfdən Ermənistanın işğalın güclənməsinə hədəflənən siyasətinə göz yumurdu və İrəvanla isti münasibətlərə üstünlük verirdi.

İlk baxışda bunu dövlətlərarası münasibətlər kontekstində nəzərdən keçirərkən təəccüblü məqamlar tapmaq çətin olardı.

İran siyasətinin məhək daşı olan islami prinsiplərin sərhədinə gəlincə isə əlavə suallar yaranırdı:

İslam işğala, soyqırımına haqq qazandırmır və İslamda ədalət mühüm prinsipdir. Bəs Tehran niyə ideoloji təməllərə qarşı gedərək Xocalı soyqırımını törədən, Birinci Qarabağ Müharibəsində azərbaycanlılara qarşı amansız işgəncələr verən, etnik təmizləmə siyasəti aparan Ermənistanla bağları bərkidirdi?

Fərz edək ki, Tehran “olanlar keçmişdə qalıb, gələcəyə baxmaq lazımdır” prinsipi ilə hərəkət edib. Bu zaman başqa sual ortaya çıxırdı: İran niyə işğal zamanı Ermənistanın mədəniyyət abidələrinə, məscidlərə qarşı vandallıq aktına göz yumurdu? Məgər bu, perspektiv üçün təhdid və təhlükəli mühit yaratmırdımı?

Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbəsindən sonra yaranan geosiyasi reallıq bölgədə sülh və rifahın dayanıqlılığını zəruri edir. Buna görə də Bakı yeni əməkdaşlıq modelinin reallaşması üçün addımlar atır və İranı da bu platformaya cəlb edir.

Bu, İranın özü üçün də nəfəslikdir, Zəngəzur dəhlizi sanksiyaların əhatəsində məşəqqətli iqtisadi proseslərin cərəyan etdiyi İrana ticari faydalar gətirən layihədir.

Ona görə də Tehran Zəngəzur dəhlizini yalnız faydalı iqtisadi dəyər gözü ilə nəzərdən keçirir. Ancaq Tehran Azərbaycanın Qarabağ bölgəsində Ermənistanla sərhədlərini müəyyənləşdirməsindən narahatlıq keçirir, ən azından ona görə ki, Azərbaycanın xeyrinə yeni sərhəd zolağı yaranır. Bəlkə də Tehran bunu qlobal və ya regional rəqabət prizmasından dəyərləndirir deyə, təlaş içindədir, axı sərhədlərin müəyyənləşməsində Ankara Azərbaycana dəstək göstərir! İkinci bir tərəfdən Rusiya, ABŞ, Avropa İttifaqı prosesdə təşəbbüsü ələ almaq niyyətlərini gizlətmir!

İranın sərhədlə bağlı narahatlığının artmasında çox səbəblər axtarmaq olar, lakin nəticə olaraq o fikrin üstündə qalmaq mümkündür ki, Tehran delimitasiya və demarkasiya prosesinə heç də müsbət yanaşmır.

Bu narahatlığın barometri üzrə ilkin göstəricilər özünü büruzə verir, belə ki, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

Qeqarkunik Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir, Azərbaycan isə bu istiqamətdə mövqelərini möhkəmləndirir.

Yayılan fotolardan aydın görünür ki, özünə əl qatan və isterikada olan Ermənistanın yüksək rütbəli hərbçiləri keçirdikləri dərin mənəvi-psixoloji böhranı cənab səfirə izhar edirlər.

Səbəblər bəllidir: İrəvan son ümid kimi İranın ətəyindən yapışıb özünü dikəltməyə çalışır, çünki bundan əvvəl, Fransanın İrəvandakı səfiri sərhəd məsələsində Ermənistanın xeyrinə bəyanat səsləndirmişdi, ardınca isə ABŞ-ın İrəvandakı səfiri Kəlbəcərlə sərhədə gəlmişdi.

Lakin bunlar Azərbaycanın delimitasiya və demarkasiya ilə bağlı prinsipial mövqeyini dəyişdirmədi, əksinə, Bakı sərhəddə hər gün əlini gücləndirən mövqelərdə möhkəmlənmə taktikasını sürətləndirdi.

İndi Ermənistan arzularının son həddində olan İrandan imdad diləyir, hərçənd ki, İran səfiri səfər zamanı diplomatik bəyanatdan kənara çıxan bir kəlmə də işlətməyib.

Səfir bildirib ki, Azərbaycan və Ermənistan təmkinli olmalı və mübahisəli məsələləri sülh yolu ilə həll etməlidir. İranın bölgədə sabitliyin bərqərar olması üçün lazımi səylər göstərməyə hazır olduğunu vurğulayıb.

Obyektivlik naminə səfirin açıqlamasını qeyd etmək mütləqdir, lakin yaranan sualları da dilə gətirmək lazımdır.

Hələ bir müddət əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın ərazi bütövlüyünün Tehran üçün qırmızı xətt olduğunu bəyan etmişdi, indi cənab Zohurinin bu açıqlamanın yedəyində Kəlbəcərə “baxışı” diqqət çəkir. İranın hansı statusda sərhəddəki proseslərə nəzarət etmək imkanlarına yiyələnmək istəyir?
 

İkinci sual: Niyə işğal müddətində İran rəsmiləri bir dəfə də olsun nə Azərbaycanın Ermənistanla sərhəd təşkil edən ərazilərinə (Qazax, Tovuz, Naxçıvan, Gədəbəy, Daşkəsən) gəldi, nə də işğal altında olan ərazilərə baş çəkdi?

Nəticə:

1. İran Zəngəzur dəhlizini yalnız və yalnız iqtisadi cəhətdən dəyərləndirir, sərhədlərin delimitasiyası isə onun üçün qırmızı xətdir,

2. İran xarici siyasət kursunda Azərbaycanla münasibətlərini daha çox iqtisadi əlaqələrin dərinləşməsi strategiyası baxımından önə çıxarır, Bakının regional oyunçuya çevrilməsinə isə qısqanclıqla yanaşır.

Aqşin Kərimov