Kağızsız ticarətə hazırlıq qiymətləndirilib: Prosedurlar sadələşdirilib - FOTO

15:00 03-08-2021 14

“Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin il üzrə sorğusunun nəticəsinə görə, Azərbaycan 2019-cu il ilə müqayisədə 5 faiz artım nümayiş etdirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən milletinsesi.info-a verilən məlumata əsasən, bu, Azərbaycanın kağızsız ticarət sahəsində regional liderliyinə həsr olunan “İslahat icmalı”nda qeyd edilib.

Azərbaycan ümumilikdə 86,02 faiz göstərici ilə həm qonşu ölkələr (Rusiya 84,95, Gürcüstan 82,8, İran 77,42, Ermənistan 62,37, Türkiyə 86,02), həm də MDB ölkələri ilə müqayisədə 1-ci yerdə qərarlaşıb. Bütün dünya üzrə ortalama göstərici 64,95 faiz, inkişaf etmiş ölkələr üzrə isə 81,86 faizdir.

Bildirilib ki, Azərbaycanda transsərhəd ticarət prosedurları sadələşdirilib, elektron və kağızsız ticarətin, xüsusilə də, transsərhəd kağızsız ticarətin inkişafı stimullaşdırılıb. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33 faiz artıma nail olub və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül mövqeyə sahib olub.