Qadın səyyah ucuz səyahətin sirlərini açıqladı: “Altı avroya Parisə uçmuşam” - FOTO

13:25 03-08-2021 23

Etiraf etmək lazımdır ki, bir çoxlarımız səyahət etməyin məsrəfli iş olduğunu düşünür. Bəli, hardasa bu belədir. Lakin, çıxış yolu həmişə var. Sadəcə həqiqətən istəmək lazımdır. Bunun üçün isə şəxsi büdcəyə müəyyən qədər qənaət etmək labüd olur. 

Uşaqlarla səyahətlə qadınların limitinin sadəcə öz beynində olduğunu düşünən turizm həvəskarı Həvva Səfərova bunu realaşdırmağı bacarıb. Səyahət etməyə təhsil aldığı illərdən başlayan Həvva ailə qurduqdan və uşaq sahibi olduqdan sonra da səfərlərə ara verməyib. Xanım səyyahla söhbətimizdə ailəvi səyahəti necə daha sərfəli etməyin yollarını müzakirə etdik. 

milletinsesi.info müsahibəni təqdim edir:  

- Sizcə, səyahət etmək həqiqətəndə məsrəflidir?

- Bir çox insan düşünür ki, səyahət bahalıdır. Əslində söhbət sizin səyahətə necə yanaşmağınızdan gedir. Əgər siz beş ulduzlu hoteldə gecələmək istəyirsinizsə bəli, bu bahalıdır. Yox, əgər yeni yerlər, mədəniyyətlər kəşf etmək istəyirsinizsə, o zaman məsələyə ekonom yanaşırsınız və büdcə tərtib edirsiniz. Ölkəmizdə insanlar aylıq gəlirinin bəlli bir hissəsini səyahətə ayırmağa öyrəşməyiblər. Çünki, bizim insanlar öz istirahətlərinə ən lazımsız və axırıncı nüans kimi yanaşırlar.

- Neçə ildir ki, səyahət edirsiniz? 

- 2012-ci ildən etibarən artıq 9 ildir ki, aktiv şəkildə səyahət edirəm. İlk səfərim Avstriyaya olub, təhsillə bağlı. Lakin, əvvəllər də Rusiyada olmuşam. Bütün səyahətlərim təhsillə bağlı olaraq məhz Avstriyadan başladı. Həmin dövrdə Avropanın 11 şəhərini gəzdim. Bilirsiz, səyahət kofein kimidir, gəzdikcə gəzmək və kəşf etmək istəyirsən. Səyahət etdikcə sənin həyat tərzin dəyişir, hər mədəniyyətdən nəsə götürürsən, yeni insanların vərdişlərini kəşf edirsən.

- Neçə ölkədə olmusunuz?

- Deyirlər, səyyahlar ölkə saymır, təcrübə sayırlar. Amma, bu günə qədər 20 ölkə və 40-a yaxın şəhərdə olduğumu deyə bilərəm. Bu ölkələr arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Avstriya, Macarıstan, Çexiya, İtraliya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Belçika, Lüksenburq, Misir var. Bəzi ölkələrdə 4-5 dəfə olmuşam.

- Səyahət zamanı sizin üçün çətinlik yaradan nüansları qeyd edə bilərsiniz?

- Bu məsələyə həm bir valideyn, həm də fərdi yanaşmaq olar. Səyahət zamanı məni ən çox narahat edən məsələ hotellərin çoxunun, buradakı restoranların konsepsiyasının uşaqlara uyğun olmamasıdır. Övladlarım dünyaya gəlmədən əvvəl isə belə nüanslar yox idi. Bəlkə də Avropanın təhlükəsiz ölkələrinə səfər etmişəm deyə heç bir narahatçılıq hiss etməmişəm.

- Uşaqla, ailəvi səyahət edən zaman hansı məsələləri diqqətdə saxlamaq lazımdır?

- İki övladım var, 3 və 5 yaşlarında. Yoldaşımla uşaqlarımız dünyaya gəldikdən sonra da səyahətlərə davam etdik. Biz 25 günlüyünə səyahət edirik. Uşaqlar bu mühitə öyrəşiblər. Bu ciddi şəkildə uşaqların dünya görüşünün artmasına, onların yaşıdları ilə dialoqlarına və maraq dairələrinə təsir göstərir. Ölkəmizdə səyahət edən ailələr uşağın maraq dairəsini, onun yaşına uyğun tələblərini nəzərə almırlar. Əgər uşaq iməkləmə dövründədirsə ona bunun üçün ən azı 10 dəqiqə vaxt ayırmasan uşaq aqresiv olacaq. Əgər uşaq qapalı mühitdə böyüyübsə də onunla səfərə çıxan zaman problemlər yaşanacaq. Uşaqları idarə etmək valideynlərin ikisinin də işidir. Bizdə səyahət zamanı valideynlərdən ana uşağa baxır, ata isə bir növ öz “işində” olur. Lakin, bölgü yaratdıqda həm ana istirahət edir, həm də ata. Uşaq isə səyahətdən həzz alır. Səyahət etmədən əvvəl bütün xırda detallara diqqət etmək lazımdır. Əgər övladınız narahat uşaqdırsa onunla aktiv şəhər turuna çıxmayın. Daha çox passiv şəhər turlarına çıxın. Əgər uşaq aktivdirsə və adrenalini sevirsə burada limitləmə yoxdur.

- Gələk, səyahəti daha da ucuz etməyə... Daha ucuz bilet əldə etmək üçün necə axtarış etməliyik? 

- Bilet almaq istəyirsinizsə fərqli IP üzərindən axtarış edin. Bir kompüterdən və ya bir hesabdan eyni sayta 10 dəfə giriş etməyin. Artıq botlar alqoritmi başa düşür ki, sən bilet almağa hazırlaşırsan və növbəti dəfə sizə qiyməti minimum 50 manat daha baha olan biletləri göstərir. Təbii ki, söhbət aviaşirkətlərdən getmir, onların saytlarını daima izləmək lazımdır. Azərbaycandan ucuz uçuşlar həyata keçirən bir çox hava yolları şirkətləri var. Məsələn, Türk Hava Yolları ildə iki dəfə Bakıdan və Gəncədən olan uçuşlara endirim edir. Çalışmaq lazımdır ki, kartda həmişə pul olsun.

- Alternativ yollarımız var?

- Uşaqlı ailələrə çox çətin olsa da, avtobusla səyahət etmək də sərfəlidir. Beləliklə üçüncü bir ölkəyə ucuz bilet əldə edə bilərsiniz. Məsələn, buradan Gürcüstana yollanaraq Kutaisi və Tiflisdən digər ölkələrə uçmaq ikiqat sərfəlidir. Qonşu ölkələrin sərhədlərini dəyərləndirin, görün buradan hansı üçüncü ölkəyə səyahət etmək olar. Məsələn, “AtlasJet” Türkiyənin ekonom hava yolları şirkətidir. Buradan Türkiyəyə gedib “AtlasJet” ilə sərfəli qiymətlərlə digər ölkələrə uça bilərsiniz. Türkiyədə “Onur Air” ilə bir çox ölkələrə ucuz biletlər əldə edə bilərsiniz. Bəzi ölkələr var ki, oraya getmək üçün təyyarəyə ehtiyac yoxdur. Azərbaycanda müəyyən dövrlərdə Budapeşt-Vyana-Praqa turu məşhurlaşmışdı. Bunun səbəbi Budapeşt ilə Vyana arasında avtobusla 3 saat, Vyana ilə Praqa arasında qatarla 5 saatlıq məsafənin olması idi. Avtobusla cəmi 10 avroya, qatarla isə 15 avroya bilet tapa bilərsiniz və çox aşağı qiymətə bir ölkədən digər ölkəyə keçid edə bilərsiniz. 

- “Vau” qiymətə əldə etdiyiniz biletlər sözsüz ki, olub...

- Mən altı avroya Budapeştdən Parisə uçmuşam və Bakıdan Macarıstana gediş-gəliş iki nəfər üçün cəmi 75 avro ödəmək “vau” nüanslardan idi. 

- Hansı internet resurslarından Avropaya ucuz biletlər əldə edə bilərik?

- Məsələn, Parisə 6 avroluq bileti “ryanair.com” saytından əldə etmişəm. Eləcə də “skyscanner.com” və “edreams.com”dən də ucuz biletlər əldə edə bilərsiniz. 

- Səyahət etdiyimiz ölkədə gecələmək üçün hansı imkanları dəyərləndirə bilərik? Qiymətlər barədə məlumat verə bilərsiniz? 

- Əgər ekonom səyyahsınızsa “airbnb” evlərini tövsiyyə edə bilərəm. Artıq səyahətçilər, əsasəndə büdcəyə qanaət edənlər hoteldən daha çox evlərə yönəliblər. Bu zaman xərc az olur. Avropa ölkələrində bir gecə üçün hotel qiymətləri 50 dollardan başlayır. Digər uğurlu variant hosteldir. Artıq ölkəmizdə də onların sayı çoxdur. Yalnız qadınlar və ya yalnız kişilər nəzərdə tutulan hostellər var. Üstəlik ondadır ki, onların bir gecəsi 10 dollardan başlayır. Pis tərəfi təhlükəsizliklə bağlıdır. Hostel seçərkən ehtiyatlı olun, araşdırın və həmin hostel barədə insanların rəylərini oxuyun. Qonaqların “tripadvisor”da haqqında bölməsində yazdıqlarını oxuyun. “Booking.com” üzərindən də sifariş edə bilərsiniz. 

- Ən aşağı və ən yuxarı səyahət xərciniz nə qədər olub?

- Ən aşağı səyahət xərcim 500 manat, ən yuxarı isə 5 000 manat olub. Ən çox vəsaiti Misir turunda xərcləmişəm. Deyim ki, Misir heç də ucuz ölkə deyil. Əgər bütün tədbirlərə qoşulmaq istəyirsinizsə burada çox puldan keçməlisiniz.

- Səyahət etmək istəyənlərə tövsiyyəniz, hansı ölkədən başlamaq olar dünya turuna?

- Siz ruhən hara bağlısınız? Ruhunuza uyğun ölkəni və ya şəhəri seçin. Mən adam tanıyıram ki, heç bir dil bilgisi, səyahət təcrübəsi olmadan Amerikaya uçub. Heç vaxt səyahətdə olmayıb, amma Taylanda gedib. Yəni limit yoxdur. Ruhunun sənə ən yaxın hiss etdirdiyi ölkədən başlaya bilərsən. Təbii ki, burada büdcə də rol oynayır. 

- Hazırda turizmçi kimi işləriniz necə gedir? Gələcək planlarınız nədir?

Hazırda turizm fəaliyyətini davam etdirirəm. Sahibkarlara turizm sektoru üzrə marketinq təlimləri də verirəm. Bütün bunlarla yanaşı övladlarıma ayrı-ayrılıqda vaxt da ayırıram. Nəyə vaxt ayıra bilməsəm də, onlarla ayrılıqda məşğul oluram. Bu günə qədər Avropaya fokuslanmışdıq, bundan sonra daha çox Afrika və Asiya ölkələrinə səfərlər etməyi planlaşdırırıq.

- Pandemiya işinizə necə təsir etdi?

Pandemiya sektora çox pis təsir edib. Bu problemləri xatırlamaq belə istəmirəm. Lakin, hazırda turizm fəaliyyəti bir balaca bərpa olunub. Xüsusilə də ölkədaxili turlar intensivləşib.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev