Pavel Felqenqauer: “Böyük müharibə olmayacaq, əks halda ermənilər mütləq məğlubiyyətə uğrayacaqlar” - MÜSAHİBƏ

12:45 03-08-2021 17

Azərbaycan və Ermənistan sərhədində atışmalar davam edir.

Bu hadisələrlə əlaqədar olaraq avqustun ikisində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov xidməti müşavirə keçirdi və iclasda Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək hər cür təxribatlara hazır olmağı və bu təxribatların qarşısını dərhal almağı əmr etdi.

Niyə yenidən gərginlik ortaya çıxdı?

milletinsesi.info tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauerlə bu və digər mövzular barədə müzakirə aparıb.

- “Sərhəddə bu cür toqquşmalar təbii ki, təsadüfi deyil. Ermənistan rəhbərliyinin məqsədi var – ilk olaraq Rusiyanı münaqişəyə daha dərindən cəlb etmək, əgər mümkün olarsa digərlərinin də müdaxiləsinə şərait yaradıb qüvvələr balansını və ümumi strateji vəziyyəti dəyişdirmək.

Nikol Paşinyanın və ümumiyyətlə, Ermənistan rəhbərliyinin əsas istiqaməti öz qüvvəsinə yox, misal üçün Rusiyanın timsalında hansısa havadara güvənməkdir.

Ancaq Moskvaya bu qətiyyən maraqlı deyil, tamamilə fərqli prioritetlər var. Müdaxilə etmək üçün nə güc, nə də istək var. Əfqanıstanla sərhəddə, ümumilikdə Orta Asiyada problemlər var, Ukrayna və NATO ilə də həmçinin və sair.

Oraya (Azərbaycanın Qarabağ bölgəsinə - red.) sülhməramlı qüvvələri göndərdilər, vəssalam – artıq əlavə ordu yoxdur. Hava-desant qüvvələri və digər hərbi birliklərin sayı sonsuz deyil. Əlavə ciddi hərbi kontingentin göndərilməsi logistik baxımdan çox çətindir. Hava-desant qüvvələrini hava vasitəsi ilə yerləşdirdilər, bu aydındır. Yüklərin bir hissəsi dəmir yolu ilə Azərbaycan ərazisindən keçirildi. Tbilisi Rusiya hərbi yüklərini buraxmır, Bakı nəyəsə icazə verə bilər, amma nəyəsə icazə verməz. Ancaq əslində hər şey dediyim kimi çox sadədir - Rusiyanın sadəcə istəyi və qüvvəsi yoxdur. Ermənilər boş yerə Moskvanın müdaxilə edəcəyini gözləyirlər". 

- Amma erməni tərəfi təkcə Rusiyaya ümid etmir...

- Bəli, həm amerikalılara, həm fransızlara, həm də başqalarına ümid edir. Ancaq ABŞ artıq Əfqanıstanı tərk etdi. Əlbəttə ki, ABŞ-dakı Kim Kardaşyan ailəsi kifayət qədər nüfuzludur, amma o dərəcədə deyil. Amerikalıların başqa prioritetləri var, Çinlə qarşıdurması var. Buna görə də onlar Cənubi Qafqazdakı münaqişələrə qarışmağa hazırlaşmırlar. Bəli, diplomatik yollarla nə isə deyə bilərlər. Ermənilərin ümid edə biləcəkləri heç bir şey yoxdur. Keçən ilki müharibə zamanı səfərbərliyi belə təşkil edə bilmədilər, ancaq piarla məşğul olurdular, əmin etməyə çalışırdılar ki, tezliklə fövqəltəbii bir qələbə qazanacaqlar. Onlar Qarabağın əsas şəhərini - Şuşanı müdafiə edə bilmədilər. Və o zaman pilotsuz uçuş aparatları işləmirdi. Şəhəri fəth edən Azərbaycan hərbçiləri idi. Ona görə, indiki Ermənistan rəhbərliyi həm Ermənistanın özü, həm də qonşuları üçün total fəlakətdir. Nikol Paşinyan demaqoqdur, demaqogiyadan savayı başqa heç nə bacarmır. Ölkənin keçmiş rəhbərləri olan Serj Sarqsyan və Robert Koçəryan da ondan fərqlənmirdilər.

- Sərhədlərin delimitasiyası haqqında nə düşünürsünüz? Niyə erməni tərəfi buna qarşı çıxış edir?

- Dediyim kimi, aydın müşahidə olunur ki, Rusiyanı bu məsələyə cəlb etməyə çalışırlar. Delimitasiyanın özü daha çox bəhanədir.

İzah edim. Aydındır ki, Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi ərazisində vəziyyət bir müddət dondurulub. Ancaq ora Azərbaycanın nəzarəti altına keçəndən sonra erməni əhalisi qalmaq (Azərbaycan vətəndaşlığını qəbul edərək - red.) və ya ərazini tərk etmək seçimi qarşısında qalanda, Ermənistanda bu, total fəlakət kimi qəbul ediləcək. Ermənilər ya yaxşı döyüşməyi öyrənməli, yaxud da “dayıya” ümid etməlidirlər. Alınarsa imkan daxilində Moskava ilə Bakının arasını vurmağa çalışmaq. Amma Rusiya, təkrar edirəm, müdaxilə etməyəcək. Özlərini müdafiə edə bilmirlərsə, heç kim onları müdafiə etməyəcək.

- Bəs Türkiyə ilə Rusiya arasındakı münasibətlərə toxunsaq?

- Türkiyənin bölgədəki irəliləyişi Moskvanı çox da məmnun etməsə belə, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında xüsusi münasibətlər var.

Bütün bu “erməni hoqqaları” düşünürəm ki, Kremldə qıcıq yaradır. Ermənistanın hazırkı rəhbərliyi praktiki olaraq danışıqlar aparmaq iqtidarında deyil. Ancaq erməni xalqı onları seçib.

- Qayıdaq Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə...

- Böyük müharibə olmayacaq, bunu təsəvvür etmək çətindir, əks halda tam əminəm ki, ermənilər məğlubiyyətə uğrayacaqlar. Həmçinin bu müharibə Rusiyaya, Türkiyəyə, Azərbaycana lazım deyil. Ermənistan isə dediyim kimi, döyüşmək iqtidarında deyil. Ancaq toqquşmalar olacaq.