Azərbaycanda pandemiya şəraitində toyların keçirilməsinə münasibət necədir? – SORĞU

11:25 02-08-2021 13

Sosial Tədqiqatlar Mərkəzi pandemiya şəraitində keçirilən toy və yas mərasimlərinə münasibət öyrənib.

milletinsesi.info-ın məlumatına əsasən, rəy sorğusu 1 072 respondent arasında keçirilib. Nazirlər Kabinetinin mərasimlərin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərarına münasibət regionlar üzrə fərqlənir.

Belə ki, Bakı, Abşeron və Gəncə-Daşkəsən, Qazax-Tovuzda respondentlərin ən azı 85 %-i sözügedən qərarı dəstəklədiyi halda, bu göstərici Şəki-Zaqatalada 68 %, Lənkəran-Astarada isə 73 % təşkil edib.

Toyların keçirilməsi şərtlərinə dair mövcud qaydalardan respondentlərin 36 %-i “tam razı”, 35 %-i isə “əsasən razı” olduğunu bildirib.

Əhalinin əsaslı hissəsinin bu qərara müsbət münasibətini bir neçə amillə açıqlamaq olar: həmin qaydaların toy təşkilatçıları və iştirakçıların sağlamlıqlarının qorunmasına xidmət etməsi, toylarla əlaqəli olan adət-ənənələrin qoruyub-saxlanılmasına imkan verməsi və ailələrin qurulmasındakı əngəllərdən biri olan karantin məhdudiyyətinin qüvvədən düşməsi.

Respondentlərin təxminən yarısı (48 %) həmin mərasimlərdə iştirak zamanı COVID-19-a yoluxmaqdan heç qorxmur. Qadınların 62 %-i, kişilərin 38 %-i müxtəlif dərəcələrdə qorxur. Yaş artdıqca qorxu nisbətən artır.

Maraqlıdır ki, hər dörd nəfərdən biri dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirib ki, bunun da əsas səbəbi kimi COVID-19-a yoluxmaq qorxusu qarşıya çıxır (47 %). Təxminən 12 % respondent maddi amil səbəbindən toyda iştirak etmək istəmədiyini deyib. Dəvət edildiyi təqdirdə toyda iştirak etməyəcəyini bildirənlər daha çox təqaüdçülər arasında olub (40 %). Toyda iştirak etmək ehtimalının aşağı olduğunu deyən respondentlərin 17 %-i, ehtimalın heç olmadığını deyən respondentlərin isə təxminən yarısı virusa yoluxmaqdan çox və ya qismən qorxur.

Mərasimlərdə virusa yoluxmaqdan heç qorxmadığını deyənlərin 62.6%-i toyda iştirak etmək ehtimalının olduqca yüksək olduğunu deyib. Ümumiyyətlə, yoluxma qorxusu ilə dəvət edildiyi təqdirdə toyda iştirak etmək ehtimalı arasında tərs mütənasib korrelyasiya mövcuddur – qorxu artdıqca iştirak ehtimalı azalır.

Toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaların qüvvədə olduğu dövrdə tez-tez müzakirə edilən məsələlərdən biri də mərasimlərin keçirilməsi bərpa olunduğu təqdirdə həmin tədbirlərin fərqli üslubda keçirilib-keçirilməyəcəyi idi.

Rəyi öyrənilənlər arasında bu məsələyə dair fikir ayrılığı müşahidə edilib. Belə ki, 36 % və 37 % respondent müvafiq olaraq toyların və yasların məhz əvvəlki qaydada keçiriləcəyi, 45 % və 55 % respondent isə daha sadə təşkil ediləcəyi qənaətini bölüşür.