Fahrettin Altundan “Help Turkey” açıqlaması: “Türkiyəni aciz göstərmək üçün başladılıb” - FOTO

10:55 02-08-2021 16

“Xaricdən təşkil edilən “yardım” kampaniyaları ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək üçün başladılıb”.

“Haber Global”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun özünün “Twitter” hesabından bəyan edib.

O, Türkiyəni cənginə alan meşə yanğınları ilə mübarizədə dövlətin bütün vasitələrini səfərbər etdiyini vurğulayıb və 35 əyalətdə 129 yanğından artıq 122-sinin nəzarət altına alındığını vurğulayıb.

“Türkiyəmiz güclüdür. Dövlətimiz ayaqdadır. Prezidentin dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla, bütün itkilərimizi kompensasiya edəcəyik, bizi yandıran bu atəşi söndürəcəyik. Hazırda sosial media platformalarında, mesajlaşma qruplarında və forumlarda yayılan məlumatların əksəriyyəti saxta xəbərlərdir. Bu gün belə bir təbii fəlakətə baxmayaraq, belə yalanları yayanların tələsinə düşməyin. Ancaq rəsmi orqanların açıqlamalarına etibar edin”, - deyə Fahrettin Altun əlavə edib.