Vətəndaşla təcili tibbi yardım briqadası arasında qalmaqala RƏSMİ MÜNASİBƏT - VİDEO

16:00 30-07-2021 15

Bakının Binəqədi rayonunda vətəndaşlar təcili tibbi yardımdan şikayət edir. 

milletinsesi.info xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət Binəqədi rayonu 2-ci mədən, korpus 93 ünvanından gedir.

Sözügedən ərazidə aparılan tikinti sökülüb. Vətəndaşlar söküntünün qanunsuz olduğunu və bu zaman ev sakinlərindən olan Şərqiyyə İbrahimova adlı şəxsin xəsarət aldığını deyirlər. Yaxınları qadının vəziyyətinin ciddi ola biləcəyindən, daxili qanaxmadan ehtiyat etdikləri üçün ciddi həkim müayinəsi tələb ediblər.

İddiaya görə, əraziyə təcili tibbi yardım briqadası çağırılsa da həkimlər zərəçəkənin vəziyyəti barədə rəy vermək istəməyib.

Məsələ ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə haqqında “rəy” vermək təcili yardım həkiminin səlahiyyətində deyil:

“Çağırış və xəstənin diaqnozu ilə bağlı məlumat, hüquq mühafizə orqanları tərəfindən verilmiş rəsmi sorğu əsasında cavablandırılır”.

Hadisə ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva isə bildirib ki, qanunsuz tikililərlə mübarizə çərçivəsində ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir:

“Bakı şəhərində davam edən qeyri-qanuni tikinti prosesinin dayandırılması məqsədilə rayonumuzda da müvafiq qurumlarla birgə monitorinqlər işləri aparılır və bu proses mütəmadi olaraq davam etdirilir. Bu baxımdan sözü gedən tikili ilə əlaqədar da aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülmüşdür”.

Könül Cəfərli