Varisləri Nağı bəy Şeyxzamanlının arxivini Azərbaycana bağışlamaq istəyir - FOTO

14:50 28-07-2021 15

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının varisləri onun arxivinin bir hissəsini Azərbaycana bağışlamaq istəyir.

“Report”un yerli bürosu xəbər verir ki, Şeyxzamanının hazırda ABŞ-da yaşayan nəvəsi Nağı Keykurun bacıları ilə birlikdə qərarın rəsmiləşməsi üçün Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.

Qeyd edək ki, Keykurunlar ailəsinin evində tarixi kitablar, jurnallar, əlyazmalar, səs yazılarının olduğu kasetlər, ABŞ-a gətirilən ilk Azərbaycan bayrağı, gümüş samovar və qaşıqlar, rəsm əsərləri və s. var.

Hazırda ABŞ-da Nağı bəy Şeyxzamanlının beş nəvəsi - Belma, Şeyma, Səlimə, Sərap və Nağı yaşayır.

ABŞ-da hüquqşünas işləyən Belma Keykurun “Report”a açıqlamasında bildirib ki, babası Azərbaycanın azadlıq mübarizəsinin ən aktiv nümayədələrindən olub. Onlar AXC süquta uğradıqdan sonra Gəncədən Trabzona, anamın ailəsi isə İrana köç edib. Daha sonra babamgil İstanbula gəlib və onlar kimi Azərbaycandan köç etmiş ailələri tapıb yenidən birləşərək azadlıq mübarizəsi üçün fəaliyyətlərini davam etdiriblər. Anamın ailəsi də həmin ərəfələrdə İrandan İstanbula köç edib. Bizim ailəmiz Yavuz əmimin ailəsi ilə bərabər 1964-cü ildə ABŞ-ın Nyu-York ştatına köçüb. O vaxt sadəcə iki bacı idik, digər bacılarım və qardaşım ABŞ-da dünyaya gəldi. Babam Nağı bəy Şeyxzamanlı bizi ziyarət etmək üçün bir neçə dəfə ABŞ-a gəldi. İlk gəlişində bizə Azərbaycanın böyük bayrağını gətirib. Həmin bayraq onların bütün tədbirlərində olurdu və onu indi evimizdə gözümüz kimi qoruyub saxlayırıq. Bayraq onlar üçün hər şey idi”.

Onun sözlərinə görə, babası Azərbaycandan danışanda ağlayırdı:

“Onlar Vətən həsrəti, nisgili ilə dünyadan köçdülər. Atam çox istəyirdi ki, babam qardaşımı görsün, ancaq qardaşım dünyaya gəlmədən İstanbulda vəfat etdi. Biz çox milli ruhda böyümüşük, anam Azərbaycan milli mətbəxinin təamları - dovğa, plov, dolma bişirir, atam Azərbaycan musiqisini, rəqslərini öyrədirdi. Bizə deyirdi ki, kim sual versə, azərbaycanlı olduğunuzu deyin. Onlar ABŞ-da yaşayan bütün azərbaycanlıları bir yerə yığır, tədbirlər keçirir, Azərbaycanla nəfəs alırdılar. Həmin çətin vaxtlarda pul toplayıb bir ev alıblar. Həmin evin həyətində məscid də tikdilər. Azərbaycandan kim gəlirdisə, ilk öncə həmin evə aparırdılar. Həmin ev onların görüş yeri idi”.

Şeyma Keykurun “Report”a açıqlamasında deyib ki, ən böyük arzusu Azərbaycana gəlib atasının, babasının doğulduğu torpaqları görməkdir:

“Atam Azərbaycandan danışanda həmişə uşaq kimi hönkür-hönkür ağlayırdı. Atam kitab oxuyur, məqalələr yazır, tez-tez azərbaycanlılarla bir araya gəlib Azərbaycanın yenidən müstəqilliyə qovuşması üçün yol xəritələri axtarırdılar. Azərbaycana getməyi, Gəncədəki doğmalarını axtarıb tapmağı çox istəyirdi, ancaq qismət olmadı. Atam dünyasını dəyişəndə xalam Azərbaycandan torpaq gətirdi və onun məzarına səpdik. İnanıram ki, indi Vətənindən gələn torpaqda rahat yatır”.

N.Keykurun “Report”a açıqlamasında atasının tez-tez onlarla Azərbaycanla bağlı xatirələrini bölüşdüyünü deyib:

“Biz atamdan və babamdan qalan arxivin Azərbaycanda daha sağlam qorunacağına inanırıq. Onların bütün keçmişinə sahib çıxaraq bütün əşyalarını qorumuşuq. Həm babam, həm də atam kitab oxumağı çox sevirdi və onların böyük kitabxanası vardı. Həmin kitablar indi də bizim evin zirzəmisində kitabxanamızdadır. O, kitabların içində atamın və babamın əlyazmaları da var. Həmin illərdə onlar tez-tez Nyu-Yorkda yayımlanan Azərbaycan və Türkiyə icmasının açdığı radiolarda çıxışlar edirdilər. Atamın arxivində həmin çıxışların yazıldığı kasetlər də var”.

Onun sözlərinə görə, Nağı bəy Şeyxzamanlı ABŞ-a ilk gəlişində Azərbaycanın böyük bayrağını gətirib:

“Həmin bayraq bütün ömrü boyu onların əllərində oldu. Azərbaycanla bağlı tez-tez mitinqlər keçirirdilər, uzaq diyarda Azərbaycanın azadlığı üçün vuruşurdular. Evimizdə atamın Gəncədən gətirdiyi samovar, gümüş qaşıqlar da var. Mən və bacılarım Azərbaycandakı müvafiq qurumlara müraciət etməklə onların arxivini təhvil vermək istəyirik. Bu əşyalar İstiqlal Muzeyinə bağışlansa, daha yaxşı olar. Arxiv təhvil verildikdən sonra Azərbaycana gedib həmin əşyaları muzeydə izləmək istəyirik”.