Azərbaycanda ilk dəfə “Rebuild Karabakh 2021” sərgisi keçiriləcək

12:15 28-07-2021 14

Oktyabrın 20-22-si tarixində Bakıda birinci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2021) sərgisinin keçirilməsi planlaşdırılır.

milletinsesi.info xəbər verir ki, sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir.

Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradacaq.

“Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağ bölgəsinin inkişafı ölkə üçün prioritet vəzifədir. Bu baxımdan, Qarabağın zəngin təbii ehtiyatlarını və iqtisadi potensialını nəzərə alaraq, “Rebuild Karabakh 2021” sərgisi geniş iqtisadi fəaliyyət sahələrini əhatə etməyi planlaşdırır və banklar və investisiyalar, təhlükəsizlik, hasilat sənayesi, səhiyyə, informasiya texnologiyalar, təhsil, qida sənayesi, kənd təsərrüfatı, inşaat, yol tikintisi və infrastruktur, nəqliyyat, turizm və mədəni irs, energetika və ekologiya sektorlarını təmsil edən şirkətləri sərgidə iştiraka dəvət edir.

Sərgidə təqdim ediləcək müxtəlif sektorlar tədbiri xüsusən əlamətdar edir və Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkan yaradır.

Sərginin keçiriləcəyi üç gün ərzində iştirakçıları və qonaqları əlavə tədbirləri ehtiva edən maraqlı proqram gözləyir.

Sərgi Qarabağ Dirçəliş Fondu, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.