Taekvondoçumuz Olimpiadada medalsız qalmasından məmnundur - FOTO

12:40 27-07-2021 16

Tokio Yay Olimpiya Oyunlarında dünən uduzaraq medalsız qalan taekvondoçu Milad Beiqi buna məyus olmadığını bildirib.

milletinsesi.info-ın xəbərinə görə, İran əsilli 30 yaşlı idmançı “Instagram” paylaşımında Olimpiadada ikinci dəfə iştirak etdiyinə görə sevindiyini ifadə edib.

O, fars dilində hisslərini belə biruzə verib:

“Bu müddətdə məni dəstəkləyən və müşayiət edənlərə ürəkdən təşəkkür edirəm. Hər zaman yanımda olduğunuz üçün minnətdaram.

Nəticədən asılı olmayaraq, dayanqda (taekvondoçuların yarışdığı oyun sahəsi) olmaq mənim üçün həmişə xoşdur və yeni təcrübələrlə doludur. Bu Olimpiada əvvəlki yarışlar kimi, mənim üçün çoxlu təcrübə və xatirələrlə başa çatdı.

Burada yarışmağa vəsiqə qazanmış bütün idmançıları təbrik edirəm və bir gün bu Olimpiya dairələrinin yanında şəkil çəkdirmək istəyən hamıya uğurlar arzu edirəm”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Milad Beigi (@miladbeigi)

Qeyd edək ki, 2016-cı il Olimpiadasında bürünc medal qazanmış Milad Beiqi bu Olimpiadada yarışdığı 80 kq çəki dərəcəsində uğursuz çıxış edib. İkiqat dünya və Avropa çempionu Liu Vey-Tinqə (Tayvan) 15:11 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Nikita Rafaloviçə (Özbəkistan) biabırçı hesabla uduzub. Nikita finala çıxa bilmədiyindən, Miladın bürünc medal qazanmaq şansı da itib.

Səbuhi Musayev