Lənkəranda “patı” satan doqquz nəfər saxlanıldı - FOTO

11:40 27-07-2021 13

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə “patı” və “şüşə” (metamfetamin) kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan doqquz nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb.

Onlardan satış üçün nəzərdə tutulan hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar.

Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, dörd ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.