“Klon” serialının ulduzunun koronavirusa təkrar yoluxmaya görə vəziyyəti ağırlaşıb - VİDEO

04:05 13-07-2021 25

“Klon” serialının ulduzu, braziliyalı aktyor Lusiano Şafir COVID-19-a yenidən yoluxma ilə xəstəxanada ağır vəziyyətdə yatır.

Bu barədə “Starhit” xəbər verib.

Məlumata görə, iyun-22-də Rio-de-Janeyronun ən yaxşı klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı aktyor iyulun 10-da ağciyərlərin süni ventilyasiyası aparatından ayrılıb. Bununla belə, onun vəziyyəti hələ də ağır olaraq qalır.

Hazırda aktyorda koronavirusun qalmadığı və vəziyyətinin ağır olmasına isə yoluxmadan sonrakı fəsadların səbəb olduğu bildirilir.

İyulun 7-də aktyor ciddi bir əməliyyat keçirib: Ondan hematoma və yoğun bağırsağın seqmenti çıxarılıb. Braziliyalı jurnalistlərin fikrincə, bu fəsadlara da təkrar yoluxma səbəb olub.

Qeyd edək ki, Lusiano Şafir Azərbaycanda da çox sevilən, dünyaca məşhur “Klon” serialındakı “Zeyn” rolu ilə məşhurlaşıb. Bu rol ona “seks-simvol” adını qazandırılb. Aktyor bundan sonra daha bir neçə serialda oynayıb, həmçinin bir sıra televiziya proqramlarında aparıcı olub.