Tarixə “əsrin oğurluğu” kimi düşən cinayətin üstü açılıb - FOTO

08:55 30-06-2021 21

Pikassonun Yunanıstanda oğurlanan “Bir qadının başı” tablosu 9 ildən sonra nəhayət ki tapılıb.

Bu barədə polit.ru xəbər yayıb.

Bildirilir ki, Kerateya şəhərindəki anbardan bu əsərdən əlavə Pit Mondrianın “Yel dəyirmanı” tablosu da aşkarlanıb.

Məlumata görə, 49 yaşlı Yunanıstan vətəndaşı oğurluqda şübhəli bilinərək həbs olunub. Əsərlərin yerini də elə o, göstərib. Saxlanılan şəxs əsərləri “qara bazar”da satmaq üçün xaricə aparmaq istəyən cinayətkar qrupun üzvü  olub.

Qeyd edək ki, “Bir qadının başı” əsəri 1939-cu ildə çəkilib, onun 20 milyon avro (40 551 200 manat) dəyərində olduğu düşünülür.

Kətanın arxa hissəsində müəllifin Yunanıstan xalqına nasizmlə mübarizəsi ilə əlaqədar verdiyi töfhəyə görə əl yazısı ilə yazılmış ithafı var. Rəssam 1949-cu ildə əsəri Afinadakı Milli Qalereyaya bağışlayıb.

“Yel dəyirmanı” 1908-ci ildə Pit Mondrian tərəfindən çəkilib. Əsər 1963-cü ildə Yunan kolleksioneri Aleksandros Pappas tərəfindən alınıb və Milli Qalereyaya bağışlanıb.

Hər iki əsər 2012-ci ildə Afina Milli Qalereyasından oğurlanıb. Bu cinayətə “əsrin oğurluğu” adı verilib.