Olimpiadadakı bayraqdarımız: “Sözümü Tokio tatamisində deyəcəyəm”

17:10 25-06-2021 11

“Açığı, ikinci dəfə bayraqdar seçiləcəyimi gözləmirdim. Özü də Olimpiadada bayraqdar olacağıma heç inanmırdım”.

Bunu milletinsesi.info-a Azərbaycanın cüdo millisinin aparıcı üzvü, Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimində bayrağımızı daşıyacaq Rüstəm Orucov deyib.

2016-cı il Rio Olimpiadasının bürünc mükafatçısı, ikiqat dünya medalçısı və Avropa çempionu olmuş Rüstəm Orucov ikinci dəfə bayraqdar seçilib. 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında da bayraqdar olmuş Orucov onda bürünc medal qazanmışdı.

29 yaşlı Rusiya doğumlu idmançımız bayraqdarla bağlı uğursuzluq sindromunu qıracağını bildirib:

“Olimpiadanın açılış mərasimində Azərbaycan bayrağı aparmaq bir şərəfdir. Ölkəmin bayrağını Tokioda aparmaq arzularımdan biri idi. Məni bu şərəfli işi görməyə həvalə edənlərə öz təşəkkürümü bildirirəm. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm.

Amma inşallah, mən ora tək Azərbaycan bayrağını aparmağa yox, himnimizi səsləndirməyə də gedirəm. Beş ildir ki, bu anı gözləyirəm. İnşallah, orada da mən öz sözümü deyəcəyəm. Həmişə deyirlər ki, bayraqdar olan idmançı həmişə uduzur. Mən də öz çıxışımla bu deyimi yalan çıxaracağam. Öz sözümü, inşallah, Tokio tatamisində deyəcəyəm”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyulda keçiriləcək.

Səbuhi Musayev