“Bugatti” qırıcı təyyarə ilə yarışa çıxdı – FOTO/VİDEO

07:15 21-05-2021 45

“Bugatti” şirkəti “Chiron Sport” modeli ilə “Dassault Rafale” qırıcı təyyarəsinin yarışını əks etdirən foto və videogörüntüləri paylaşıb.

Şirkətin rəsmi saytı və “YouTube” kanalından yayılan məlumatda avtomobilin 1500 at gücü olan 16 silindirli 8 litrlik mühərriklə təchiz edildiyi vurğulanıb.

Sürət yarışında “Chiron Sport” modelinin “Səmanın əfsanəsi” adlı aviasiya versiyası iştirak edib. 2.4 saniyəyə 100 km/saat sürət yığan avtomobilin maksimal sürət göstəricisinin 420 km/saat olduğu bildirilib.

Təyyarəyə gəlincə isə qırıcıda 58 550 nyuton (5727 at gücü) qüvvəyə malik mühərrik quraşdırılıb. Buna baxmayaraq, yerdə avtomobil ondan daha üstün olub. Lakin havaya qalxan kimi qırıcı “Bugatti”ni geridə qoyub.

Qeyd edək ki, yarış Fransa hərbi hava bazasının 1.5 km-lik uçuş zolağında təşkil olunub.