Millət vəkili qəhrəman şəhidimiz Əli Rzalının valideynləri ilə görüşüb

18:37 14-03-2021 291
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva "Vətən uğrunda” medalı ilə təltif olunmuş qəhrəman şəhidimiz Əli Rzalının valideynləri ilə görüşüb və sizin kimi valideynlərlə qürur duyuruq deyib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı əsgəri Əli Rzalının valideynləri Nuru Əsədullah oğlu Rzayev və Samirə Əlhüseyn qızı Paşayeva ilə görüşüb, ürək sözlərini bölüşüb: “Əziz şəhid valideynləri, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Bilirik ki, oğlunuzun yaxşı fiziki və mənəvi hazırlığı nəzərə alınaraq, o, Xüsusi Təyinatlı Dəstəyə qəbul edilib. Məhz Əlinin və cəbhə yoldaşlarının fəda­karlığı sayəsində, Murov istiqamətindəki şiddətli döyüşlər vaxtı düşmənin çoxsaylı canlı qüvvəsi və zirehli texnikası sıradan çıxarılıb. Əli Rzalı 02 oktyabr 2020-ci ildəki döyüşlərdə şəhadət şərbəti içib... Oğlunuz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub. Əli kimi gənclərimizlə hər zaman qürur duyacağıq"! Şəhid valideynlərinə Komitə adından Məktub təqdim edilib. Görüşdə, RHİMİB sədri Arzu Bağırova və şəhidin dayısı, “Yeni Müsavat”ın parlament müxbiri Elşad Paşasoy iştirak edib.