Pişik pilota hücum etdi: Təyyarə təcili geri qayıtdı

09:20 02-03-2021 15

Sudanın paytaxtı Xartumda havaya qalxan sərnişin təyyarəsi “pişik hücumu” səbəbindən səfəri yarımçıq qoyaraq geri qayıdıb.

“Al-Sudani” xəbər verir ki, pişik təyyarənin uçuş kabinəsinə girib və pilotlara hücum edib.

Qətərin paytaxtı Dohaya getməyi planlaşdıran, “Sudanese Tarco”ya aid olan təyyarə havaya qalxdıqdan yarım saat sonra pişiyə görə geri qayıtmağa məcbur olub.

Təxmin edilir ki, pişik bir gün əvvəl texniki baxım və ya təmizlik zamanı təyyarəyə girib və orada qalıb.

Oxşar hadisə 2004-cü ildə Belçikada, 2013-cü ildə isə Ər-Riyadda yaşanıb.