Sakinlər narahatdır: Qəzalı vəziyyətdə olan binanı su basıb - FOTO

17:25 27-02-2021 17

Xaçmaz şəhəri, Əlif Hacıyev küçəsi 1 ünvanında yerləşən yataqxana binasını su basıb.

milletinsesi.info-ın məlumatına görə, 24 fevral tarixindən hava şəraitinin kəskin dəyişməsi ilə bağlı binadakı sayğaclar dönub və istifadəyə yararsız hala düşüb.

Yataqxana binasının sakinləri bununla əlaqədar su təchizatında problemlərinin yarandığını, həmçinin sayğacların yararsız hala düşməsi səbəbindən binanı su basdığını bildiriblər.

Sakinlər binanın köhnə olmasından dolayı da narahatdırlar, onların fikrincə, su axıntısı onsuz da qəzalı vəziyyətdə olan binanın dağılmasına səbəb ola bilər.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, artıq məsələ Xaçmaz Sukanal İdarəsinin diqqətinə çatdırılıb və lazımi tədbirlər görülüb:

“Kəskin soyuqlar nəticəsində binada istifadəyə yararsız vəziyyətə düşən sayğaclar əvəz olunub. Eləcə də, donvurma nəticəsində vintillər də sıradan çıxıb ki, onlar da yeniləri ilə dəyişdirilib. Hazırda su axıntısının qarşısı alınıb. Sakinlər normal su verilişi ilə təmin olunublar”.