İlham Əliyev: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxırıq”

15:45 26-02-2021 14

Azərbaycan tərəfi Türkiyənin Ermənistanla sərhədləri açmasına, münasibətlərin normallaşmasına müsbət baxır.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, biz Türkiyə dövlətinə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk:

“Türkiyə ilə Ermənistan sərhədinin bağlı olması bizə qardaşlıq nümunəsi idi. Türkiyə Ermənistanla sərhədi 1993-cü ildə Kəlbəcər işğala düşəndə bağlamışdı. Buna qədər isə Türkiyə ilə Ermənistan arasında sərhəd açıq olub. Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olub. Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə rəsmi İrəvanla normal münasibətlər qurmaq niyyətində idi. Lakin, əfsuslar olsun ki, Ermənistanda antiTürkiyə təbliğatı həddindən artıq güclü idi. Həmin təbliğat bugün də davam edir. Ermənistanda türkəfobia rəsmi ideologiyaya çevrilib.

Ermənistan hər zaman Azərbaycanı və Türkiyəni düşmən sayıb. O dövrdə sərhədlərin bağlanması isə Azərbaycan göstərilən həmrəylik aktı idi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bölgədə yeni vəziyyət yarandı. Lakin eyni zamanda Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir.

Müharibədən əvvəl Ermənistanın prezidenti deyirdi ki serb müqaviləsinə yenidən baxılmalıdır. Yəni onların Türkiyəyə qarşı ərazi iddiaları var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı  çirkin kampaniya aparırlar. Sözdə “soyqrımını” müxtəlif ölkələrin parlamentlərində qəbul etdirirlər. Belə düşmənçilik siyasəti nə qədər davam edər? Ermənistan ağlını başına yığmalıdır və anlamalıdır ki, Türkiyə kimi dövlətə qarşı ərazi iddiası özünəqəsddir, axmaqlıqdır”.

“Biz yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxırıq. Bu gün üçün hər hansı bir xüsusi fikrimiz yoxdur. Türkiyə özü müəyyən edəcək sərhədlər nə vaxt açıla bilər və münasibətlər nə zaman normallaşa bilər. Hər halda Azərbaycan tərəfindən buna mənfi fikir verilməyəcək. Hesab edirəm ki, bölgənin sabitliyi üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır.

Biz Azərbaycan-Ermənistan sərhədinin açılmasından danışırıq. Azərbaycan-Ermənistan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac yoxdur. Zəngəzur dəhlizini gərçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılmalıdır. Hər halda buna Türkiyə qərar verəcək. Məndən soruşursunuzsa, Azərbaycan tərəfindən bu məsələyə ilə bağlı xüsusi mövqeyi yoxdur. Türkiyənin xeyrinə nə olacaqsa, bu eyni zamanda bizim də xeyrimizədir”, - deyə İlham Əliyev qeyd edib.