Roma Papasının qatıldığı Xocalı tədbirinin təşkilatçısı: “Gözləmədiyim halda məktubuma cavab verdilər” - FOTO

17:15 25-02-2021 17

Hər il Xocalı faciəsinin ildönümü günlərində dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunur. Əsas məqsəd Xocalı faciəsinin dünyaya tanıdılması və dinc, günahsız azərbaycanlılara qarşı törədilmiş cinayət barədə insanların məlumatının olmasıdır. 

Xocalıya həsr olunmuş tədbirlərdə müxtəlif ölkələrdə dövlət, hökumət adamları, mədəniyyət, incəsənət xadimləri, dini liderlər iştirak edib. Çox uzaq olmayan keçmişdə isə Xocalıya həsr olunmuş tədbirlərdən biri də xristian (katolik) dünyasının qəlbində - Vatikanda təşkil olunub və hazırkı Papa Fransisk bu tədbirdə iştirak edib. 2015-ci ildə Vatikanda (Roma) keçirilən bu tədbir İtaliyada böyük rezonans doğurub. 

Papanın iştirak etdiyi Xocalı tədbirinin təşkilatçısı və ideya müəllifi isə Romada magistr təhsili alan heykəltəraş Həsən İsgəndərov olub. 

Həsən İsgəndərov deyir ki, tədbirin ideyası Xocalı soyqırımı və bütün dünyada soyqırımı qurbanı olan uşaqların yad edilməsi olub. 

Bununla bağlı Roma Papasına məktub yazan H.İsgəndərovun müraciətinə Pantifikin ofisindən operativ reaksiya verilib:

“Gözləmədiyim halda məktubuma dərhal reaksiya gəldi. Məni Vatikana dəvət etdilər. Roma papasının Mədəniyyət və İdman üzrə səlahiyyətli nümayəndəsi Melxor Sançes De Toka Yalameda Vatikanda məni şəxsən qəbul edib tədbirin keçirilməsi ideyası, layihə barədə ətraflı məlumat aldı. Bildirdi ki, Roma Papası belə bir tədbirə dəstək verməyə, iştirak etməyə hazırdır. Həmin vaxt Azərbaycanın Vatikanla əlaqələri xeyli inkişaf etmişdi, Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda böyük hörmətlə qarşılanmışdı. Layihəmizin baş tutmasında Mehriban Əliyevanın Vatikanla əlaqələrinin böyük rolu oldu”.

Həsən İsgəndərov deyir ki, Vatikandakı tədbirin keçirilməsi üçün azərbaycanlı bir neçə tələbə ilə yanaşı universitetdə birgə təhsil aldığı italiyalı tələbələr böyük fəallıq göstəriblər. Tez bir zamanda xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində 50-yə qədər azyaşlı uşaqlar da daxil olmaqla 500-ə yaxın könüllü cəlb olunub. 2015-ci ildə Vatikanın əsas meydanı olan Müqəddəs Pyotr meydanında keçirilən mərasimdən əvvəl xüsusi geyimdə olan tədbir iştirakçılarına yaxınlaşır, uşaqlara nəvaziş göstərir və bu zaman layihənin müraciəti Papaya təqdim olunur. Daha sonra meydanda dünyanın müxtəlif ölkələrindən gələn katoliklər üçün moizə edən Papa Xocalı tədbirinin müraciətini canlı yayında oxuyur. Həmin vaxt Müqəddəs Pyotr meydanında Xocalıda qətlə yetirilən uşaqların sayı qədər ayaqqabılar yerə düzülür. 

Həsən İsgəndərov deyir ki, İtaliyanın bir çox nüfuzlu media orqanları bu aksiyanı geniş işıqlandırıb. Papanın on minlərlə katolikin qarşısında canlı yayında çıxışında Xocalı soyqırımının adını çəkməsi, soyqırım qurbanı olan uşaqları yad etməsi Azərbaycan Tələbə Şəbəkəsinin, o cümlədən şəxsən heykəltəraş Həsən İsgəndərovun zəhmətləri sayəsində mümkün olub. 

Həsən İsgəndərov bildirib ki, xüsusən də son illərdə Azərbaycanın Birinci vitse-prezidentinin Vatikanda əlaqələri, İtaliya və ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi ölkəmizin qədim mədəniyyət mərkəzində daha yaxşı tanınmasına səbəb olub. 

H.İsgəndərov Azərbaycandan dövlət xətti ilə xaricdə incəsənət sahəsində təhsil almağa gedən az saylı tələbələrdən biridir. Bakıda heykəltəraşlıq üzrə bakalavr təhsili alan H.İsgəndərov İtaliyanın Roma İncəsənət Universitetində magistr və yüksək ixtisas təhsili alıb. Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqənin mükafatçısı, Prezident mükafatçısı olub.

2007-ci ildən İtaliyada – Romada təhsil alıb və bu şəhərdə yaşamağa başlayıb. Amma təhsil almaqla kifayətlənməyib, Romada mədəni tədbirlərdə, xüsusən də Azərbaycanla bağlı təşkil olunan tədbirlərdə iştirak edib, bəzi tədbirlərin təşkilatçısı olub. 

2013-cü ildə İtaliya Prezidenti Corcio Napolitanonun himayəsində keçirilən heykəltəraşlıq müsabiqənin qalibi olub və əsəri Prezident kataloquna daxil edilib. Ən yaxşı əcnəbi tələbə kimi Roma meri ilə görüşüb, Vatikanda mədəniyyət idarəsi ilə əməkdaşlıq edib.

H.İsgəndərov deyir ki, hazırda İtaliya-Azərbaycan əlaqələri yüksək səviyyədədir, erməni diasporu İtaliyada güclü olsa da, ermənilərə İtaliyada Azərbaycan əleyhinə qərarlar qəbul etdirə bilmir. 

Kənan Rövşənoğlu