Komitə sədri qazi Nihat Musayevin anası ilə görüşdü.

14:07 06-02-2021 96
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Dönük Qırıqlı kənd sakini, Vətən Müharibəsinin qazisi Nihat Musayevin anası Fəridə Hümmətova ilə Milli Məclisdə görüşüb, Vətən Müharibəsində könüllü iştirak etmiş, yaralanmış qazinin və onun ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.
Qazi anasına mərd övlad böyütdüyünə görə təşəkkür edən Q.Paşayeva qazinin mülki həyatda planları ilə bağlı fikir mübadiləsi aparıb. - “Siz, Vətən Müharibəsində mərdliklə döyüşmüsüz gənclərimizdənsiz. Sizi işğalçı düşmən üzərində qələbə münasibətilə bir daha təbrik edir, yeni uğurlar arzulayıram!
Sıralarına könüllü qoşulduğunuz Silahlı Qüvvələrimizin rəşadəti sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Artıq, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ümidvaram ki qalib ölkənin qazisi olaraq siz də mülki həyatda öz yerini tutacaq, bir gənc kimi öz uğurlarınızla seçiləcəksiz. Sizə yeni uğurlar arzulayıram!
Xahiş edirəm, mənim və Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı doğmalarınıza, cəbhə yoldaşlarınıza çatdırasız".
N.Musayev Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu təqdim edilib.