Misir Hava Yollarının rəhbəri müsahibə zamanı vəfat etdi - FOTO

22:10 27-01-2021 21

Misirin “EgyptAir” milli hava yolları şirkətinin rəhbəri Abu Taləb Tofiq öz kabinetində televiziya aparıcısı Ayya Əbdül Rəhman ilə müsahibə zamanı qəfil vəfat edib.

Bu barədə “Middle East Monitor” nəşri məlumat yayıb.  

Teleaparıcının sözlərinə görə, şirkət rəhbərinin ölümünə səbəb ürək tutması olub.  

“Baş direktor öz kabinetində ondan müsahibə almağımızı xahiş etdi. Onunla Qahirə hava limanındakı iş otağında xeyli söhbət etdikdən sonra qəfil yerə yıxıldı. Bu mənim həyatımda ən çətin müsahibə idi. Həyatın dəyərini bilin, hər an onu itirə bilərsiniz”, - deyə xanım aparıcı bildirib.

Qeyd edək ki, 55 yaşlı Abu Taləb Tofiq bir gün öncə “EgyptAir” şirkətinin direktorlar şurasının sədri təyin olunmuşdu.