Koronavirus peyvəndi vurduran həmvətənlərimiz öz hisslərini bölüşdü

14:55 25-01-2021 12

Azərbaycanda yanvarın 18-də başlayan COVID-19-a qarşı könüllü vaksinasiya cəmiyyətdə birmənalı qarşılanmayıb, internetdə yayılan saxta “dəhşət hekayələri” isə yalnız təlaşa səbəb olur.

Media.Az həm ölkəmizdə, həm də xaricdə koronavirus peyvəndi vurduran soydaşlarımızla bu barədə danışıb.

Bakıdan olan travmatoloq-ortoped Zahid Səfərov peyvənd olunanlardan biridir.

“Məndən tez-tez hər hansı bir yan təsirdən qorxub-qorxmadığımı soruşurlar. Əlbəttə yox! Əksinə, hökumətimizin bu qədər sürətli reaksiya göstərdiyinə və peyvəndi vaxtında ölkəyə çatdırdığına görə çox şadam. Çinin “Sinovac” preparatı hazırda dünyada ən təhlükəsiz vaksini sayılır. Peyvənddən əvvəl immunoqlobulin testindən keçdim, nəticələr məndə koronavirusa qarşı anticisimlərin olmadığını göstərdi. Əgər məndə anticisimlər yaranarsa, bu, peyvəndin işləyidiyni göstərəcək. Peyvənddən əvvəl anticisimlərin yoxlanılması istəyə bağlıdır, sadəcə özümə maraqlı idi. Mənə iynə vurulanda, xüsusi nəsə hiss etmirdim. Bir neçə gün keçib, özümü əvvəlki kimi yaxşı hiss edirəm”.

Bakı klinikalarından birinin oftalmoloqu Gövhər Əliyeva sosial şəbəkələrdə koronavirusa qarşı peyvənd zamanı çəkilmiş fotosunu paylaşıb. Onun fikrincə, yalnız peyvənd yolu ilə ölkədə pandemiyanın öhdəsindən gəlmək olar.

“İnyeksiya bir az xoşagəlməzdir, amma proses saniyədən az çəkir. Peyvənddən sonra özümü yaxşı hiss edirəm, yan təsirləri yoxdur. Peyvəndin ikinci dozasını gözləyəcəm, ondan sonra mənə COVID-19 pasportu veriləcək”.

Birləşmiş Ərəb Əmirliklərində əhalinin kütləvi peyvəndlənməsi dekabrın 14-də başlayıb. Peyvənd üçün Çinin “Sinopharm” şirkətinin peyvəndi istifadə olunur. Əbu-Dabidə yaşayan həmyerlimiz Nazani Dəmir könüllü peyvənd üçün qeydiyyatdan keçib və qərarından peşman deyil.

“Mən tibb işçisi deyiləm, oteldə işləyirəm. İki həftədən bir bütün otel işçiləri PZR testindən keçməyə məcbur olurdular. Bu, əlbəttə ki, çox yorucudur. Peyvəndlə özümü davamlı yoxlamalardan qurtardım. Əmirliklərdə insanlar koronavirus peyvəndinə normal münasibət göstərirlər, COVID-19-un əsl təhlükəsini dərk edərək könüllü vaksinasiyadan keçirlər. BƏƏ əhalisinin 80% -i artıq peyvənd vurdurub. Məndə qalxanabənzər vəzlə bağlı problemlər var, amma peyvəndləməyə mane olmadı. Mənim yanımda diabetli həmkarlarım peyvənd olundular, onlar da özlərini də yaxşı hiss edirlər.

Peyvənddən sonra sonra çiynim sızıldayırdı. Bəzi tanışlarım peyvənddən sonra yüngül dərəcədə qızdırdı, lakin əksəriyyətinin heç bir yan təsiri olmadı. Hər kəsə peyvənd olunmağı və sağlamlığını riskə atmamağı məsləhət görürəm”, - deyə Nazani Dəmir bildirib.

Digər soydaşlarımız İlqar Əsgərov isə Əbu-Dabidəki klinikalardan birində maliyyəçi işləyir.

“Koronavirusa yoluxacağımdan və xəstəlikdən sonra ağırlaşmalarla qarşılaşacağımdan qorxduğum üçün peyvənd vurdurdum. Bütün kollektiv olaraq vaksinasiyadan keçdik. Peyvənddən sonra nə mən, nə də həmkarlarım və dostlarım heç bir yan təsir müşahidə etmədilər (onların bir çoxu peyvəndin ikinci mərhələsindən də keçib). Yalnız inyeksiya yeri azca ağrıyırdı. Xoşagəlməz hisslər iki gündən sonra yox oldu. İndi özümü əla hiss edirəm”, - deyə İ. Əsgərov bildirib.

İsraildə COVID-19-a qarşı kütləvi vaksinasiya dekabrın 20-də başlayıb. Yəhudi dövlətinin başlatdığı peyvənd kampaniyası dünyanın ən sürətli kampaniyalarından biri oldu. Artıq 2,4 milyon insan “Pfizer” peyvəndinin birinci dozasını vurdurub, 851 min nəfər isə hər iki dozada vaksinasiyadan keçib.

İsraildən pediatr Səbinə Hacıyeva iki həftə əvvəl vaksin vurdurub.

“Mən həkiməm, ona görə də vaksinasiyanın koronavirusla mübarizədə nə qədər vacib olduğunu bilirəm. İnyeksiyadan sonra çiynim bir az ağrıyırdı, amma sonra hər şey keçdi. Kiçik ağrılı duyğuları COVID-19-un fəsadları ilə müqayisə etsək, aydındır ki peyvəndə üstünlük verərik”.

İsrail vətəndaşı, üz-çənə cərrahı və implantoloq Oleq İçkovski son altı ildə əvəzçiliklə Bakıda təcrübə keçir.

Yanvarın 13-də İsraildə həkimə ikinci dozada koronavirus peyvəndi vurulub. O, hazırda özünü əla hiss edir.

“Təcrübəsi böyük həkim kimi əminəm ki, vaksinasiya xüsusilə 40 yaşdan yuxarı insanlar üçün tövsiyə olunur. Bu gün üçün özümü və yaxınlarımı COVID-19-a yoluxmaqdan, həmçinin onun zərərli nəticələrindən qorumaq üçün başqa bir seçim görmürəm”, - deyə O.İçkovski vurğulayıb.