Komitədən xaricdən sifariş edilən bağlamalara görə yüksək məbləğdə ödəniş tələbi iddialarına CAVAB

14:40 22-01-2021 12

Son zamanlar bəzi vətəndaşlar sosial şəbəkələrdəki hesablarında xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalması, yubadılması, əsassız olaraq saxlanılması və saxlanılan bağlamalara görə yüksək məbləğdə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşırlar. Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük orqanları fəaliyyətini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur və istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində yayımlanan bu qəbildən olan məlumatlar həqiqəti əks etdirmir. 

Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat xidmətinin rəhbəri Natiq Axundov özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

İddialara cavab olaraq sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan maksimum 2-3 gün ərzində həyata keçirildiyi qeyd olunur. Bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir. Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.

Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir. Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir. Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar.

Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşıyıcı şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır”.

Dövlət Gömrük Komitəsi rəsmisi onu da bildirib ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər:

“Bəzi poçt bağlamalarının  əsassız olaraq saxlanılması ilə bağlı məsələyə gəldikdə isə Dövlət Gömrük Komitəsi qeyd edir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər.

Bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır və daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşır ki, bu bağlamaların saxlanılması ilə nəticələnir. Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük dəyəri, Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınmalıdır.

“Smart customs” mobil tətbiqində bağlamalarını bəyan edib ödənişlərini həyata keçirən, lakin bağlamasının saxlanıldığını iddia edən vətəndaşlar nəzərə almalıdır ki, bəyanetmə və ödəmə prosesi mütləq mal partiyası gömrük ərazisinə daxil olana qədər həyata keçirilməlidir. Saxlanca verildikdən sonra gömrük ödənişi həyata keçirilən bağlamaların saxlancdan çıxarılması və aidiyyəti üzrə çatdırılması sifarişçinin anbar və daşıyıcı şirkət ilə münasibətlər zəminində həll edilməlidir. Saxlanılan bağlamalara görə vətəndaşların  yüksək məbləğdə vəsait ödəmələrinə gəlincə Dövlət Gömrük Komitəsi bildirir ki, bağlamaların saxlanıldığı ərazi gömrük orqanının sərəncamında deyil və onlar barəsində anbar və saxlanc xərclərinin tətbiqi gömrük orqanlarının səlahiyyət dairəsinə aid edilmir”.