Paytaxta yağan qardan sonra operativ təmizlik işləri aparılır - FOTO

14:10 22-01-2021 15

Yanvarın 20-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin kommunal xidmətləri tərəfindən paytaxtda payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, bəzi yerlərə duz səpilib.

Səhər saatlarından etibarən paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, buradakı işıq dirəklərinin yuyulması həyata keçirilib.

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.