COVID-19 xəstələrinə elektron qolbaq tətbiq olunması yoluxmanın sayını azalda bilər - TƏHLİL + FOTO

13:15 22-01-2021 13

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə hələ də davam edir. İlk olaraq 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayan COVID-19 adlandırılan infeskiya qısa zamanda bütün dünya ölkələrini öz cənginə alıb.

Azərbaycanda koronavirusa ilk yoluxma 2020-ci ilin fevral ayında qeydə alındı. İlk yoluxma faktı qeydə alınandan bu günə kimi ölkəmizdə virusla mübarizə tədbirləri başlanılıb.

Ölkədə əhalinin sağlamlığının qorunması istiqamətində mümkün ola biləcək bütün tədbirlər görülüb. Belə ki, yoluxma sayında artım müşahidə olunan zaman ölkədə karantin rejimi elan olundu.

Karantin rejimi çərçivəsində insanların sağlamlığının qorunması məqsədilə yoluxma riskinin yüksək olduğu ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti), bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərinə (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət), Bakı Metropoliteninin fəaliyyəti, şəhərlərarası və rayonlararası hərəkət və digər sahələrdə məhdudiyyətlər tətbiq edilməyə başladı.

Ölkədə yoluxmaların sayının artıb-azalmasına müvafiq olaraq karantin rejimində sərtləşdirilmə və yumşalmalara tətbiq edildi. Aparılan tədbirlər gündəlik yoluxmaların sayını stabil saxlamağa kömək etdi.

Xüsusilə sərt karantin tətbiq edilən ərazilərdə SMS-icazə sisteminin aktivləşdirilməsi yoluxma sayının azalmasına müsbət təsir etmişdi. Yalnız dekabr ayında 4 mindən yuxarı gündəlik yoluxma qeydə alınsa da digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və virusdan ölənlərin sayı kifayət qədər azdır.

Bu səbəbdən ölkə ərazisində karantin rejimi yenidən yumşaldıldı. Təbii ki, bu çərçivədə SMS-icazə sistemi də ləğv olundu. Təəssüf ki, pandemiya ilə mübarizə çərçivəsində atılan addımlar, əhali arasında aparılan maarifləndirici tədbirlərə baxmayaraq, COVID-19 xəstələrinin karantin qaydalarını pozam halları müşahidə edilir.

Belə ki, COVID-19 xəstələrinin ictimai yerlərə getməsi əhali arasında yoluxmanın geniş şəkildə yayılmasına səbəb olan amillərdən biridir. Hətta bu məqamın qarşısının alınması yoluxma sayının dinamikasında azalmalara səbəb ola bilər. Lakin, vətəndaşlar bu kimi qaydalara riayət etmir.

SMS-icazə sistemi karantin qaydalarını pozan COVID-19 xəstələrinin müəyyən olunmasında mühüm rol oynayırdı. Lakin artıq bu da tətbiq edilməyəcək.

Bəs koronavirus xəstələrinin izlənməsi və karantin qaydalarına riayət edib-etməmələri necə həyata keçiriləcək?

Hazırda bu istiqamətdə bir sıra tədbirlər görülsə də (“E-TƏBİB” proqramı və s.) bunun yetərli olmadığını görürük. İnsanlar özləri ilə yanaşı ətrafdakılarının da sağlamlıqlarını riskə atırlar. Hər gün bir neçə koronavirus xəstəsinin yaşayış yerini tərk etməsi barədə məlumatlar oxuyuruq. Onların müəyyən olunana qədər neçə insanı infeksiyaya yoluxdurduğunu isə təxmin etmək mümkün deyil. Bu isə çox ciddi risk deməkdir.

Artıq Avropanın bir sıra ölkələrində - Belçika, Lixtenşteyn, həmçinin Rusiyanın bir sıra şəhərlərində, Bəhreyndə, Honkonqda, Küveytdə, Avstraliyada, ABŞ-da, Sinqapurda koronavirus xəstələrinin təlimatlara riayət edib-etməmələrinə nəzarəti etmək üçün xüsusi elektron qolbaq və digər izləyiçi qurğuların istifadəsi nəzrədə tutulur.

Məsələn, Cənubi Koreyada təlimatları pozan COVID-19 xəstələrinə elektron qolbaqlar vasitəsi ilə nəzarət ediləcəyi bildirilib. Buna səbəb son həftələrdə Cənubi Koreyada karantin qaydasını pozan insanların sayının artması və bunun ictimai narahatlıq yaratmasıdır.

İlkin məlumata görə, hökumət karantin qaydalarını pozanların iki həftə bilərzik taxacağını bildirib. Belə ki, elektron qolbağa xüsusi izləmə sistemləri yerləşdiriləcək və bu tətbiqetmələr “Bluetooth” vasitəsilə telefona bağlanacaq. Koronavirus xəstələri evdən çıxaraq karantin rejimini pozmağa cəhd edən zaman nəzarəti həyata keçirən aiddiyyəti quruma elektron qolbaq vasitəsilə siqnal ötürüləcək. Bu xəbərdarlıq nəticəsində isə koronavirus xəstəsinin əhalini yoluxdurma riski azalır.

Sözügedən tədbirlərin Azərbaycanda da tətbiq edilməsi arzuolunandır. Nəzərə alaq ki, koronavirusa yoluxma və ölüm sayları digər ölkələrlə müqayisədə azdır. Əhali arasında aktiv koronavirus xəstələrinin qayda pozuntularına yol verməsinin qarşısını bu üsulla daha tez almaq mümkündür. 2020-ci ilin dekabr ayında Azərbaycanda pik sayda yoluxma qeydə alındığı vaxtlarda gün ərzində yaşayış yerini tərk edən 50-60 COVID-19 xəstəsi müəyyən olunaraq məsuliyyətə cəlb olunurdu. Bunlar arasında taksi sürücüləri, satıcılar, hətta əczaçılar da olurdu. Bu da xəstəliyin daha da geniş yayılmasına şərait yaradırdı.  

Dünya ölkələrində COVID-19 xəstələrinə nəzarət məqsədilə tətbiqi nəzərdə tutulan və eyni zamanda bəzilərində artıq sınaqdan keçirilən elektron qolbaqların Azərbaycanda da istifadəsi yaxşı olardı. Bu həm əhali arasında pandemiyaya laqeyd yanaşmaların qarşısını alacaq, həm də ölkəmizin qısa zamanda bu virusdan qurtulmasına kömək edəcək.

Könül Cəfərli