20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

12:15 20-01-2021 16

Tarix qəhrəmanları unutmur. Erməni faşizmi üzərində çaldığımız zəfərin üstündən çox vaxt keçməyib. İkinci Qarabağ savaşında da şəhidlər verdik, döyüşlərdə yaralananlar və itkin düşənlər oldu. Ancaq igidlərimiz canlarından-qanlarından keçərək, düşmənin başını əzdilər, işğal olunmuş ərazilərimiz azad edildi. Bu, bir daha xalqımızın mübariz ruhunu, Vətən sevgisinin hər şeydən ucada durduğunu isbatladı.Tam inamla deyirəm ki, son Zəfərimiz kökdən gələn qəhrəmanlıqdır. 

XX əsrdə xalqımızın üzləşdiyi çoxsaylı fəlakətlərdən birinin - 1990-cı il 20 Yanvar faciəsinin növbəti ildönümü ölkəmizin hər yerində milli-azadlıq uğrunda mübarizələrdə verdiyimiz ilk şəhidlərimizin xatirəsinə göstərilən ümumxalq ehtiramı ilə yad edilir. Azərbaycan xalqının qan yaddaşından heç zaman silinməyəcək bu tarixi hadisənin nə qədər qanlı, zorakı və qeyri-insani olduğu barədə artıq 31 ildir ki, söhbət açırıq.

Həmin faciənin ibrətlərindən ən başlıcası bu oldu ki, xalqımız ən ağır məqamda tək qalmadığını, onu ağ günə çıxaracaq, mübarizənin önündə gedəcək liderinin olduğunu müəyyənləşdirdi. Məlum olduğu kimi, ümummilli liderimiz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, 20 Yanvar faciəsinə özünün kəskin etirazını bildirmişdi. Ulu öndərimiz o vaxt Mixail Qorbaçov başda olmaqla, Kreml rəhbərliyini ciddi şəkildə tənqid etmiş, xalqımızın azadlıq mübarizəsinə dəstək vermişdi.

Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının ağır və əzablı yolunu uğurla keçmək üçün Yanvar faciəsini bütün təfərrüatı ilə bilmək və yadda saxlamaq lazımdır. Belə bir həqiqəti hamımız dərk etməliyik ki, dövlətin siyasəti xalqın mənafelərinə cavab verməli və onun dəstəyinə arxalanmalıdır. Yalnız bu halda biz yeni qurbanların qarşısını ala bilərik.

O faciəli günlərin tarixi təcrübəsi sübut edir ki, düşmənlərin müstəqilliyimizə qarşı yönəlmiş fitnə və hücumlarının qarşısını almaq üçün, hüquqi, demokratik dövlət qurmaq üçün ölkədə sabitliyi təmin etmək, xalqı sıx birləşdirmək, vətəndaşları ümummilli ideya ilə bir araya gətirmək çox vacibdir. Bu missiyanı Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev zərgər dəqiqliyi ilə həyata keçirmiş, dövlət müstəqilliyimizi ikinci dəfə məhv etmək istəyənlərin arzusunu gözündə qoymuşdu.

20 Yanvar faciəsinin daha bir mühüm ibrət dərsi ondan ibarətdir ki, biz dünya ictimaiyyətinin Azərbaycan haqqında son dərəcə az məlumatı olduğunu dərk etdik. Bu həqiqəti lazımınca qiymətləndirən Heydər Əliyev kütləvi informasiya vasitələrinin, dövlət orqanlarının və ictimai qurumların geniş imkanlarından istifadə edərək, Azərbaycan haqqında məlumatı bütün dünyaya operativ surətdə, başlıcası isə peşəkarlıqla yaymaq, ölkəmiz barədə həqiqəti danışmaq vəzifəsini qoydu və buna nail oldu. Bu, ona görə lazım idi ki, Qara Yanvar bir daha heç zaman təkrar edilməsin. İnamla demək olar ki, 2003-cü ilin payızından bu günədək ölkə Prezidenti İlham Əliyev həmin siyasəti bədxahlarımızı mat qoyacaq şəkildə uğurla davam etdirir. Bunu erməni faşizmi üzərində son qələbəmiz bir daha sübut etdi. Dövlət başçımızın 44 gün ərzində dünyanın aparıcı media nümayəndələrinə verdiyi 30-a yaxın müsahibə bir daha informasiyanın bu gün üçün nə qədər aktual olduğunu göstərdi.

Mən bir daha vurğulamaq istəyirəm ki, 20 Yanvarla bağlı 31 il ərzində xeyli sayda məqalələr, esselər, şeirlər və poemalar, analitik yazılar, sanballı kitablar qələmə alınıb, sənədli və bədii filmlər çəkilib, həmin hadisələr rəsm əsərlərində təsvir olunub və s. Məsələ burasındadır ki, 20 Yanvar hadisələrinin xalqımız üçün ictimai-siyasi əhəmiyyəti o qədər böyükdür ki, hələ uzun illər bu haqda yenə söhbət açılacaq. Çünki 20 Yanvar xalqımızın təkcə ümumi kədəri, hüznü deyil, həm də çağdaş müstəqilliyimizin bünövrəsi qoyulan müqəddəs günüdür.

Əliabbas Salahzadə,
Millət vəkili