Rusiyalı tennisçi: “Ata tərəfdən bir çox qohumlarım əslən azərbaycanlıdır” - MÜSAHİBƏ+FOTO

20:10 18-01-2021 23

Əgər Qadın Tennisçilər Birliyinin (WTA) reytinqinə nəzər yetirsək, orada dünyanın 228-ci raketka ustası olan Anastasiya Həsənovanın adına rast gələ bilərik.

Məlum olduğu kimi, A.Həsənova Azərbaycan əsilli idmançıdır.

Azerisport.com saytı 21 yaşlı tennisçi ilə əlaqə yaradıb. A. Həsənova məmnuniyyətlə özü haqqında danışmağa razı olub.

“Rusiyada kiçik şəhərlərdən birində böyümüşəm, təxminən üç yaşımda fiqurlu konkisürmə ilə məşğul olmağa, dörd yaşımda isə tennis oynamağa başladım. Anam tennis müəlliməsidir, ona görə də bu idman növünə marağım başadüşüləndir (gülür). Volqa Dövlət İdarəçilik Akademiyasını bitirib, Kazandakı Volqa İdman və Turizm Akademiyasının magistraturasına daxil olmuşam. Boş vaxtlarımda bloqum vasitəsi ilə insanları sağlam həyat tərzinə üstünlük verməyə həvəsləndirirəm”, - özü barədə danışan A. Həsənova bildirib.

- Sizi Azərbaycanla nə bağlayır?

- Atam, Dmitri Həsənov və babam milliyyətcə azərbaycanlıdır. Ümumiyyətlə, ata tərəfdən bir çox qohumlarım əslən azərbaycanlıdır.

- Bütün bunları nəzərə alaraq özünüzü daha çox azərbaycanlı hesab edirsiniz, yoxsa rus?

- Belə çıxır ki, mən dünya adamıyam (gülür), çünki müxtəlif qan qarışığım var.

- Bəs nəvaxtsa Azərbaycanda olmusuz?

- Bir dəfə 14 yaşımda Bakıda olmuşam.

- Azərbaycan kökənli idmançılar milli komandamıza cəlb olunurlar. Siz belə bir təklif almısınız?

- Xeyr, belə bir təklif almamışam.

- Belə bir təklifə cavab verərdiniz?

- Heç nəyi istisna etmirəm. Belə bir təklif olarsa, düşünmək üçün səbəb də olacaq. İndi isə heç nə deyə bilmərəm.

- Azərbaycan tennisinin səviyyəsi ilə maraqlanırsınız?

- Düzünü desəm, izləməmişəm. Böyüklərdən beynəlxalq səviyyəli turnirlərində rastıma çıxan olmayıb, amma gənclər var. Bəlkə də nə vaxtsa Azərbaycana yolum düşəcək.