Cənub Qaz Dəhlizi növbəti ildə ötürmə gücünün maksimum səviyyəsinə çatacaq - AÇIQLAMA

17:55 13-01-2021 21

Gələn il Cənub Qaz Dəhlizi üzrə ixrac ilkin mərhələnin plato səviyyəsinə çatacaq.

Bu barədə milletinsesi.info-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.  

O, Cənub Qaz Dəhlizinin plato səviyyəsində fəaliyyətinə aydınlıq gətirərkən bildirib ki, burada stabil maksimum səviyyədə fəaliyyət nəzərdə tutulur:

“Bu isə o deməkdir ki, Cənub Qaz Dəhlizi illik 16 milyard kubmetr səviyyədə - 10 milyard kubmetr qaz Avropa, 6 milyard kubmetr isə Türkiyəyə ixrac həyata keçirəcək. Gələcəkdə isə bu həcmlər 2 qat artırıla bilər, amma, bu hələ bir fərziyyədir, müvafiq qərar gələcəkdə veriləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində “Cənub Qaz Dəhlizi” QSC-nin (“CQD”) yaradılması haqqında sərəncam imzalayıb. CQD dövlət, yəni, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51 faiz) və SOCAR-ın (49 faiz) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir. Belə ki, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrində 10 faiz iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulub.

Cənub Qaz Dəhlizinin adından layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.

Nigar Məmmədova