Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşyeva Vətən Müharibəsi qazisi Emin Aslanovu təbrik etdi.

14:33 12-01-2021 90

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, Tovuz rayon Qədirli kənd sakini Emin Eyvaz oğlu Aslanovla görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib:

"Əziz qazimiz! Siz və cəbhə yoldaşlarınız müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq, başda Ali Baş Komandanımız olmaqla Silahlı Qüvvələrimizin qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sıralarında döyüşdüyünüz Ordumuz əcdadımızdan gələn hərb ənənələrini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdi.

Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış digər şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.

Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.

Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgərlərimizi, zabitlərimizi bir daha tarixi zəfər və yeni təqvim ili münasibəti ilə təbrik edirəm"!

Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib.

Qazi E.Aslanov Komitə sədri Q.Paşayevaya səmimi görüş üçün təşəkkür edib.