“Bir Pəncərə” vasitəsi ilə 16,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib - FOTO

10:10 03-12-2020 14

Bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 16,7 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz artım müşahidə olunub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.

Belə ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 165,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulunun ixracı həyata keçirilib. 2019-cu ilin 11 ayı ilə müqayisədə ixrac həcmi 24,5 faiz artıb. 

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təqdim etdiyi sertifikatlar üzrə ən çox məhsul İsveçrəyə (67,2 faiz) və Rusiyaya (11,1 faiz) ixrac olunub.

İxraca Dəstək Mərkəzinin ixrac etdiyi məhsulların bölgüsündə qiymətli metallar 67,2 faiz, polad armatur yayması 14,5 faiz, günəbaxan yağları 6,1 faiz, süd məhsulları 4,1 faiz, meyvə şirələri 2,3 faiz təşkil edib.