“Məktəb bülletenləri” hazırlanacaq

11:33 30-10-2020 194

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “məktəb bülletenləri”nin hazırlanması
nəzərdə tutulur.
Bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil
müəssisələrinə müvafiq tövsiyələr verilib.
“Məktəb bülletenləri”nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli
vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun
qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında
şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən
ibarətdir.
Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı
ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin
strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur.
Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi,
milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.
Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən
uğrunda  döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab
verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində
dalğalanacağına əminik.