Qırğızıstan Ali Məhkəməsi Sadır Japarova qarşı açılan cinayət işinə baxıb

15:20 20-10-2020 21

Qırğızıstan Ali Məhkəməsi ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edən Baş nazir Sadır Japarova qarşı açılan cinayət işinə baxıb.

“İnterfax”ın məlumatına görə, bu barədə ölkə məhkəməsinin mətbuat xidmətindən bildirilib.

“Ali Məhkəmənin Kollegiyası 2012-ci ildə “hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd” ittihamı ilə yeni aşkar edilmiş hallarla əlaqədar işə baxdı. Sadir Japarov cinayət tərkibi olmadığına görə bəraət alıb”, - deyə məhkəmədən bildirilib.

Mətbuat Xidmətinin məlumatına görə, millət vəkili Talant Mamıtov və Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşıyev də məhkəmə tərəfindən bəraət alıb.

“Ali Məhkəmənin 6 Avqust 2013-cü il tarixli qərarı ləğv edildi. Ali Məhkəmənin Kollegiyası Bişkek Şəhər Məhkəməsinin 17 iyun 2013-cü il tarixli bəraət qərarını təsdiqlədi”, - deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, 2012-ci ildə Sadır Japarov “Ata-Jurt” partiyasından parlament fraksiyasının lideri olaraq, o zamankı parlamentin vitse-spikeri Talant Mamıtov və millət vəkili Kamçıbek Taşıyevlə birlikdə Bişkekin mərkəzi meydanındakı müxalifət mitinqi zamanı parlament binasına hücum cəhdi zamanı həbs olunub.

Prokurorluq onları “hakimiyyəti zorla ələ keçirməyə cəhddə” günahlandırdı və on il həbs cəzasına məhkum edilmələrini istədi. Bişkek Şəhər Məhkəməsi millət vəkillərinə tam bəraət verdi. Daha sonra Ali Məhkəmə müxalifətçilərə 1 ildən 1,5 ilə qədər həbs cəzası verilməsi və məhkəmə salonunda həbsdən azad edilməsinə qərar verdi, bu da Qırğızıstan Mərkəzi Seçki Komissiyasının onları deputat mandatlarından məhrum etməsi ilə nəticələndi.