Vadim Dubnov: “İrəvanda cəbhədəki həqiqi vəziyyətdən xəbərdardırlar” - ŞƏRH

15:15 20-10-2020 17

Dünyanın bir çox ölkəsində ermənilərin yolları bağlayaraq aksiyalar keçirdiyi ilk dəfə deyil. Erməni diasporu nümayəndələrinin yaşayış ölkələrinin səlahiyyətlilərinə qarşı əsas tələbi, qondarma “DQR”-ın “müstəqilliyinin” tanınmasıdır. Ermənistan Baş naziri Nikol Paşinyan özü “Twitter” səhifəsində qondarma qurumun tanınması çağırışını edərək buna qol-qanad verir.

Eyni zamanda, İrəvan özü separatçı rejimi tanımır. Dissonans yaranır. Özünüz etmədiyiniz bir şeyi başqasında necə istəyə bilərsiniz?

Tanınmış analitik, Qafqaz üzrə ekspert Vadim Dubnov Media.Az-a verdiyi müsahibəsində qeyd edib ki, İrəvan Qarabağın tanınmasının təhlükəsini anlayır:

- Bu dinc dövrdə belə təhlükəli idi, indi cəbhədəki vəziyyət Ermənistanın əleyhinə olduğu zaman daha da ciddi fəsadları ola bilər. Danışıqlar prosesindən çıxmaq, hətta formal olsa belə, İrəvan üçün ümidsiz addım olacaq.

Digər ölkələri Dağlıq Qarabağı tanımağa inandırmaq cəhdi simvolik xarakter daşıyır. Hər kəs anlayır ki, belə bir məsələ mümkün deyil. Bu, Qarabağın Ermənistan tərəfindən tanınmağının mümkünsüzlüyünü yumşaltmaq cəhdidir, öz növbəsində İrəvanın isə müəyyən səylər etdiyini göstərir. Ən yaxşı halda bəzi fərdi bələdiyyələr və ya şəhərlər bu istiqamətdə qərar qəbul edə bilər.

İrəvan qırmızı düyməni basıb Qarabağı tanısa, müharibənin onun nəzarətindən çıxma təhlükəsi var.

- Eyni zamanda, Nikol Paşinyan Ermənistanın müharibəni qalib şəkildə sona çatdıracağını və sairə elan etməyə davam edir.

- Tomas de Vaalın (Britaniyalı jurnalist və analitik - red.) Paşinyanın müharibədə qalib gələcəyi ilə bağlı sərt açıqlamaları barədə düşüncəsini bəyənirəm. O, hesab edir ki, bu, sonrakı ittihamlara qarşı müdafiə üsuludur. Nikol Paşinyan özünü elə göstərir ki, guya qətiyyətlidir və yalnız böyük güclərin onun qollarını bağladığına görə güzəştə getməyə razı olur. Bu kifayət qədər məntiqlidir. Ermənistan rəhbərliyinin reallıqdan ayrı qaldığını düşünmürəm; İrəvan cəbhədəki işlərin real vəziyyətindən xəbərdardır.

Mənə elə gəlir ki, indi kompromis əldə oluna bilər. Təsadüfi deyil ki,  Nikol Paşinyan sülh üçün şərtlərin üç həftə əvvəlkindən “bir az pis” olduğunu (erməni tərəfi üçün – red.) etiraf edib.