Azərbaycan 38 mindən artıq avtomobil idxal edib

14:55 20-10-2020 19

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xaricdən 38 min 632 ədəd avtomobil idxal edib.

milletinsesi.info-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal edilən avtomobillərin ümumi statistik dəyəri 462,7 milyon ABŞ dollarını təşkil edib.

Belə ki, idxal edilən 129 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin ümumi statistik dəyəri 11,6 milyon dollar, həmçinin, 36 mindən çox adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib ki, onların da ümumi statistik dəyəri 401,7 milyon dollar olub.

Eyni zamanda, onlardan daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 3 min 678 olub ki, bunların ümumi dəyəri 20,9 milyon ABŞ dollarını təşkil edib.

8,1 milyon dollar dəyərində 142 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri, 35,1 milyon dollar dəyərində 2 min 377 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 14,1 milyon dollar dəyərində 90 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal edilib.