Aleksandr Proxanov: “Qarabağ münaqişəsi hərbi yolla Rusiyanın müdaxiləsi olmadan həll olunacaq” - MÜSAHİBƏ

01:40 02-10-2020 26

BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların baş verməsi barədə xəbərlərdən narahatlığını bildirib.

BMT Təhlükəsizlik Şurası Bakı və İrəvanı ilkin şərtlər olmadan danışıqlara başlamağa çağırıb.

Öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hərbi toqquşmalar nəticəsində yaralananlarla görüşdə bildirdi ki, Azərbaycan tərəfinin yalnız bir şərti var - Ermənistan silahlı qüvvələri tam tərkibdə və dərhal torpaqlarımızı tərk etməlidir.

Ermənistan hökuməti bu şərti yerinə yetirərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək və bölgədə sülh bərqərar olacaqdır.

Rusiyalı yazıçı, siyasi və ictimai xadim, İzbor klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov Media.Az-a müsahibəsində Qarabağ münaqişəsi üzrə qəbul etdiyi qətnamələrinin icrasını təmin etmək gücündə olmayan BMT Təhlükəsizlik Şurasının bəyanatını şərh edib.

- Dünyada hər şeyə qadir olan təşkilat yoxdur. Biz indi xaosa doğru gedirik, ancaq BMT buraxılsa və bütün beynəlxalq müqavilələr ləğv edilsə, o zaman bu xaos daha sürətli olacaq. Mümkündür ki, BMT lazımsız bir təşkilat olsun, ancaq onu gözardı etmək doğru deyil. Çözümü çətin olan problemlər var.

Qarabağ probleminə gəlincə, burada alışmaqda olan alov meydana gəlib. Şəxsən mənim sülhün təmin olunması üçün heç bir reseptim yoxdur. Xatırlayırsınızsa, mən Bakıya səfər etdim və Prezident İlham Əliyevlə görüşdüm. Bizim İzbor klubumuz münaqişənin həlli istiqamətində vətəndaş prosesində iştirak etməyə çalışdı. Təəssüf ki, heç nə alınmadı. Mən Azərbaycandan və Ermənistandan olan ziyalıları İzbor Klubunun çətiri altında toplaya bilmədim.

İndi artıq Azərbaycanda Vətən müharibəsi adlandırılan müharibə davam edir. Danışıqlar heç bir nəticə vermədi. Üstəlik, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi dayandı. İndi dünya necə münasibət bildirəcək?

Dünya münaqişəyə boş nəsihətlərlə müdaxilə edəcək. Rusiya heç bir halda tanklarını və təyyarələrini göndərməyəcək. Gümrüdəki Rusiya hərbi bazasının hərbçiləri döyüşməyəcəklər (erməni silahlı qüvvələri tərəfində - red.). 102 saylı hərbi bazanın vəzifəsi Rusiyanın sərhədlərini uzaq təhdidlərdən qorumaqdır.

İndi alovlanan müharibə qələbəyək davam edəcək. “Minsk formatı” isə uğursuzluğa düçar oldu.

Prezident İlham Əliyev qəti şəkildə bəyan etdi ki, müharibə yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxdıqdan sonra dayandırılacaq. Bu isə BMT qətnamələri və Madrid prinsiplərinə tam uyğundur.

Bəli, hədəf qoyulub və aydındır... Ancaq hər halda müharibəni dayandırmaq çətin olacaq. İstənilən halda mənə elə gəlir ki, Qarabağ münaqişəsi yalnız hərbi yolla həll olunacaq.