İran rəsmisi: “Bu şayiələr İran-Azərbaycan münasibətlərinə xələl gətirmək üçündür”

18:05 30-09-2020 19

İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaiz bəzi sosial mediada və internetdə İranın Bakı-İrəvan münaqişəsində Ermənistana yardım göndərməsi barədə iddiaları qəbul etməyib.

İRNA xəbər verir ki, o bu xəbərləri əsassız adlandırıb:

“Bu şayiələr tamamilə əsassızdır və İranla Azərbaycan arasındakı yaxşı münasibətlərə xələl gətirmək üçün irəli sürülür. Şübhəsiz ki, Tehran-Bakı münasibətləri bu cür əsassız şayiələrdən təsirlənməyəcək və iki ölkə arasındakı münasibətləri görmək istəməyənlərin təxribatları nəticəsiz olacaq”.

Vaiz bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə telefonla danışdığını da deyib:

“İran Azərbaycanın yaxşı və mehriban qonşusudur, iki ölkə arasında səmimi münasibətlər var və bu yaxşı münasibətlərin istəməyənlər tərəfindən zədələnməməsi üçün çalışmalıyıq”.

O, qeyd edib ki, İranın xarici siyasətində Azərbaycanın xüsusi və vacib yeri var və ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün hər fürsətdən istifadə edirik.

İran rəsmisi Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı narahatlığını bildirərək son hadisələri yaxından və ciddi şəkildə izlədiklərini və beynəlxalq hüquq normaları əsasında danışıqlar və dialoq yolu ilə iki ölkənin problemlərini həll etməyə hazır olduqlarını qeyd edib.

Xəbər lenti