XİN rəhbəri Aİ rəsmisi ilə cəbhədəki vəziyyəti müzakirə etdi

19:25 27-09-2020 22

Bu gün qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı zamanı xüsusi nümayəndə Toivo Klaar bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən, 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də, Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamı olduğunu bildirdi. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğunu vurğulayıb.

Yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərində düşdüyü bildirilib.

Aİ-nin xüsusi nümayəndəsi bölgədəki gərginliyin azaldılması üçün müvafiq addımların atılmasının vacibliyini qeyd edib.