
Bakı. Trend:
ABŞ hərbçiləri İranın dəniz blokadasını pozmağa cəhd etdiyi
iddia olunan kommersiya gəmisini Oman körfəzində hərəkətsiz
vəziyyətə gətiriblər. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ qırıcısı Panama bayrağı altında üzən M/V Ocean Molica
(həmçinin Arika Sun adı ilə tanınır) yük gəmisinin arxa hissəsinə
yüksək dəqiqlikli döyüş sursatı ilə zərbə endirib. Nəticədə gəminin
mühərrik sistemi sıradan çıxarılıb, ekipaj üzvlərinə isə zərər
dəyməyib. İri yük gəmisi daha əvvəl İran limanından çıxdıqdan sonra
regionun ərazi sularından keçməyə cəhd edib”, – CENTCOM-un X sosial
şəbəkəsindəki paylaşımında bildirilib.
Komandanlığın məlumatına görə, iyulun ortalarında ABŞ-ın İrana
qarşı dəniz blokadası bərpa edildikdən sonra ABŞ Silahlı Qüvvələri
dörd kommersiya gəmisini hərəkətsiz vəziyyətə gətirib, daha 135
gəmini isə marşrutunu dəyişməyə məcbur edib.

