
Bakı. Trend:
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və iki ölkə uzun
illərdir regionda mühüm layihələri birgə həyata keçirir.
Bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri
Maka Boçorişvili ölkənin Birinci Kanalda (1tv.ge) yayımlanan “Günün
mövzusu” proqramında bildirib. Onun sözlərinə görə, müasir şəraitdə
qlobal çağırışlar və mövcud geosiyasi kontekst fonunda
Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı
dinamikaya və əməkdaşlıq potensialına daha böyük əhəmiyyət
verilir.
Boçorişvili qeyd edib ki, iki ölkənin mövcud geosiyasi
kontekstdə daha yaxşı təmsil olunması üçün müntəzəm fikir
mübadiləsinin aparılması və müxtəlif məsələlər üzərində daim
işlənilməsi vacibdir.
“Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca çox zəngindir.
Bu tərəfdaşlıq intensiv siyasi dialoqu da əhatə edir. Bu il bir
sıra yüksəksəviyyəli dövlət səfərləri həyata keçirilib. Azərbaycan
Prezidenti Gürcüstana, Gürcüstanın Baş naziri isə Azərbaycana rəsmi
səfər edib. Həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana
səfərləri olub və iki ölkənin müxtəlif sahələr üzrə nazirləri
arasında qarşılıqlı səfərlər davam edir”, – deyə Boçorişvili
bildirib.
Xarici işlər naziri vurğulayıb ki, Gürcüstan-Azərbaycan siyasi
dialoqu konkret layihələri, regiondakı mövcud vəziyyəti və iki ölkə
arasında əməkdaşlığın potensialını əhatə edir.
Onun sözlərinə görə, nəqliyyat dəhlizinin inkişafı, enerji
resurslarının tranziti və digər sahələrdə əməkdaşlıq xüsusi
əhəmiyyət daşıyır.
“Bütün bunlar Orta Dəhlizin inkişafı üçün perspektiv yaradır və
bu, çox vacibdir”, – Boçorişvili əlavə edib.

