
Bakı. Trend:
Dünya üzrə xam neft hasilatının 2026-cı ildə gündəlik orta
hesabla 76,10 milyon barel təşkil edəcəyi, 2027-ci ildə isə 80,87
milyon barelə yüksələcəyi proqnozlaşdırılır.
Bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA)
noyabr ayında açıqladığı “Qısamüddətli enerji perspektivi”
(Short-Term Energy Outlook) hesabatında bildirilib.
EIA-nın proqnozuna görə, 2025-ci ildə dünya üzrə gündəlik orta
hesabla 79 milyon barel təşkil edən xam neft hasilatı 2026-cı ildə
3,7% azalacaq. 2027-ci ildə isə hasilatın əvvəlki illə müqayisədə
6,3% artaraq 80,87 milyon barelə çatacağı gözlənilir.
Hesabatda dünya üzrə neft hasilatının dinamikası OPEC+ ölkələri,
ABŞ və OPEC+ sazişinə daxil olmayan digər ölkələr üzrə ayrıca
qiymətləndirilib.
Belə ki, OPEC+ ölkələrinin ümumi xam neft hasilatının 2025-ci
ildəki gündəlik 33,33 milyon bareldən 2026-cı ildə 30,08 milyon
barelə enəcəyi proqnozlaşdırılır. Bu, illik müqayisədə 9,8% azalma
deməkdir. 2027-ci ildə isə qrupun hasilatının 11,7% artaraq
gündəlik 33,61 milyon barelə yüksələcəyi gözlənilir.
ABŞ-də xam neft hasilatının artım tendensiyasını davam
etdirəcəyi bildirilir. EIA-nın məlumatına əsasən, ölkənin gündəlik
hasilatı 2025-ci ildəki 13,66 milyon bareldən 2026-cı ildə 13,85
milyon barelə, 2027-ci ildə isə 14,30 milyon barelə çatacaq.
OPEC+ sazişində iştirak etməyən və ABŞ-dan kənarda yerləşən
digər ölkələrdə də hasilatın artacağı gözlənilir. Bu ölkələr üzrə
gündəlik hasilatın 2025-ci ildəki 32,01 milyon bareldən 2026-cı
ildə 32,16 milyon barelə, 2027-ci ildə isə 32,96 milyon barelə
yüksələcəyi proqnozlaşdırılır.
Beləliklə, EIA-nın hesablamalarına əsasən, 2026-cı ildə dünya
üzrə hasilatın azalmasında əsas pay OPEC+ ölkələrinin
istehsalındakı geriləmənin üzərinə düşəcək. ABŞ və digər OPEC+ üzvü
olmayan ölkələrdə gözlənilən artım isə bu azalmanı tam kompensasiya
etməyəcək. 2027-ci ildə isə OPEC+ ölkələrində hasilatın bərpası ilə
yanaşı, ABŞ və digər istehsalçılarda artımın davam etməsi qlobal
təklifin genişlənməsini dəstəkləyəcək.
Hesabatda OPEC ölkələrinin hasilatı da ayrıca göstərilib.
Proqnoza görə, OPEC üzvlərinin gündəlik xam neft hasilatı 2025-ci
ildəki 24,63 milyon bareldən 2026-cı ildə 21,05 milyon barelə
enəcək, 2027-ci ildə isə 24,07 milyon barelə yüksələcək.
EIA-nın qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə və neft
təchizatında yaranan məhdudiyyətlər hasilat proqnozlarına təsir
edən əsas amillərdəndir. Belə ki, regionda xam neft hasilatının
dayandırılması 2026-cı ilin oktyabrında gündəlik orta hesabla 2,5
milyon barel təşkil edib. Bu göstərici may ayında qeydə alınmış
gündəlik 10,9 milyon barellik pik səviyyədən əhəmiyyətli dərəcədə
aşağıdır.
Administrasiya Yaxın Şərqdəki hasilat məhdudiyyətlərinin 2026-cı
ilin sonunadək əsasən davam edəcəyini, 2027-ci ildə isə regionda
neft hasilatının tədricən bərpa olunacağını gözləyir.

